Trampdan “Tylenol içməyin” xəbərdarlığı – dərman bazarında qarışıqlıq

23 Sentyabr 2025 22:55

ABŞ Prezidenti Donald Tramp, parasetamol tərkibli məşhur "Tylenol" dərmanı ilə bağlı qalmaqallı açıqlama verib. O, otizmlə dərman arasında əlaqə olduğunu iddia edərək bildirib: "Tylenol içməyin, hamiləsinizsə əsla içməyin! Körpələrə də verməyin."

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp, Tylenolun yalnız çox yüksək hərarət zamanı qəbul edilməli olduğunu deyib. Onun canlı yayımda səsləndirdiyi bu xəbərdarlıq dərman şirkətlərinin səhmlərində ciddi dalğalanmaya səbəb olub.

ABŞ və Böyük Britaniyadakı tibb mütəxəssisləri Trampın sözlərini əsassız adlandırıb. İngiltərənin Səhiyyə naziri Wes Streeting açıqlamasında deyib: "Mən bu məsələdə Trampdan çox həkimlərə güvənirəm. Parasetamol hamilə qadınlar üçün ən təhlükəsiz ağrıkəsici olaraq qalır."

Amerikanın Qadın Xəstəlikləri və Doğum Həkimləri Kolleci də Trampın iddiasını təkzib edib. Qurumun rəhbəri Dr. Steven Fleischman deyib: "Bu iddia elmi sübutlara əsaslanmır. Araşdırmalar parasetamol ilə uşaq inkişafı problemləri arasında birbaşa əlaqəni təsdiqləmir."

ABŞ Qida və Dərman İdarəsi (FDA) daha yumşaq açıqlama verib. Qurum bildirib ki, parasetamol hamilə qadınlarda ağrı və hərarət üçün hələ də ən təhlükəsiz seçimdir, lakin həkimlər istifadəyə diqqətlə yanaşmalıdır.

FDA əlavə edib: "Bəzi araşdırmalarda parasetamol ilə otizm arasında əlaqə iddiası irəli sürülsə də, səbəb-nəticə əlaqəsi təsdiqlənməyib. Əks nəticələr göstərən araşdırmalar da mövcuddur."

Lalə Qüdrətova
Milli.Az