Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə əsas yarış başa çatıb.
Milli.Az xəbər verir ki, ən yaxşı nəticəni "Red Bull" komandasının pilotu Maks Verstappen göstərərək yarışın qalibi olub.
O, ikinci dəfə Bakıda bu adı qazanıb. Pilot 2022-ci ildə də sözügedən trekdə qalibiyyət sevinci yaşayıb.
Qeyd edək ki, Corc Rassell ("Mercedes") ikinci, Karlos Saynz ("Uilliams") üçüncü olub.
xxx
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
"Red Bull" pilotu Maks Ferstappen 30 dövrədən sonra hələ də liderliyini davam etdirir.
"Mercedes"dən Corc Rassell ikinci, Ferstappenin komanda yoldaşı Yuki Tsuno isə üçüncü yerdə qərarlaşıb.
"Maklaren"dən Lando Norris dördüncü, "Ferrari"dən Lyuis Hemilton beşincidir.
xxx
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışının startı "McLaren" komandasının pilotu Oskar Piastri üçün uğursuz olub.
Milli.Az xəbər verir ki, o, qəflətən idarəetməni itirərək, bolidi maneəyə çırpıb.
Nəticədə turnir cədvəlinə başçılıq edən Piastri üçün yarış erkən sona çatıb.
--------
15:01
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürüb.
Milli.Az xəbər verir ki, mübarizəyə saat 15:00-da başlanılıb.
Dünən baş tutan sıralama mərhələsində "Red Bull" komandasının pilotu Maks Ferstappen birinci yeri tutub. "Uilyams" sürücüsü Karlos Sayns ikinci, "Reysinq Bulls"un nümayəndəsi Liam Louson isə üçüncü olub. "Mercedes" komandasından Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell isə beşinci pillədə qərarlaşıb.
Ümumilikdə 20 döngə və 51 dövrədən ibarət Bakı şəhər trasının uzunluğu 306,049 km təşkil edir. Paytaxtda ilk yarış 2016-cı ildə Avropa Qran-prisi adı ilə keçirilib, sonrakı illərdə isə Azərbaycan Qran-prisi kimi davam etdirilib.
Qeyd edək ki, 2016-cı ildə qalibiyyətə almaniyalı Niko Rosberq imza atıb. Növbəti illərdə isə Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) Bakıda zirvəyə yüksəliblər. 2023-cü ildə Serxio Peres ikinci dəfə qalib olub. 2024-cü ildə isə "Maklaren"in gənc sürücüsü Oskar Piastri birinciliyi qazanıb. 2020-ci ildə pandemiya səbəbindən Azərbaycan Qran-prisi təşkil olunmamışdı.
Hazırkı mövsümdə fərdi hesabda Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikinci, "Red Bull" pilotu Maks Ferstappen isə 230 xalla üçüncü yerdə qərarlaşıb.
Konstruktorlar Kubokunda da "Maklaren" birinci pillədədir - 617 xal. İkinci yerdə "Ferrari" (280 xal), üçüncü yerdə isə "Mercedes" (260 xal) qərarlaşıb.
Milli.Az