Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi bəlli olacaq

21 Sentyabr 2025 09:00

Bu gün Bakı küçələrində keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Milli.Az xəbər verir ki, yarış həftəsinin son günündə əvvəlcə Formula 2 üzrə yürüş baş tutacaq, daha sonra isə əsas Formula 1 yarışı start götürəcək.

Sıralanma mərhələsində ən yaxşı nəticəni "Red Bull" komandasının pilotu Maks Ferstappen göstərib. Onun ardınca "Uilyams"dan Karlos Sayns ikinci, "Rasinq Bulls" sürücüsü Liam Louson isə üçüncü olub. Beləliklə, əsas yarışda pilotların düzülüşü dəqiqləşib.

Formula 2-də keçirilən sprint yarışında isə isveçli Dino Beqanoviç ("Haytek") birinciliyi qazanıb. Komanda yoldaşı, britaniyalı Luke Brouninq ikinci, "Rodin Motorsport" sürücüsü irlandiyalı Aleks Dunne isə üçüncü yeri tutub.

Hazırda ümumi xal cədvəlində "Maklaren"in gənc pilotu Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikinci, "Red Bull"un sürücüsü Maks Ferstappen isə 230 xalla üçüncü sırada qərarlaşıb.

Mühəndislər Kubokunda da "Maklaren" komandasının üstünlüyü davam edir - 617 xalla birinci pillədə qərarlaşan kollektivin ən yaxın izləyicisi "Ferrari"dir (280 xal). İlk üçlüyü isə 260 xalla "Mersedes" tamamlayır. Sonrakı yerlərdə "Red Bull" (239), "Uilyams" (86), "Aston Martin" (62), "Zauber" (55), "Haas" (44) və "Alpin" (20) gəlirlər.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. İlk dəfə ölkəmizdə keçirilən yarış Avropa Qran-Prisi adlanıb və həmin vaxt almaniyalı Niko Rosberq qələbə qazanıb. Sonrakı illərdə Daniel Rikkardo, Lüis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri Bakı trekində çempionluq sevinci yaşayıblar. Yalnız 2020-ci ildə pandemiya səbəbindən Azərbaycan Qran-Prisi baş tutmayıb.

Tural
Milli.Az