Güləşçimiz dünya çempionatının finalında

19 Sentyabr 2025 22:17

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə daha 3 çəkidə mübarizəyə start verilib.

Nihat Məmmədli (60 kq) əlcəzairli Abdelkarim Ferqata tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 4:8 hesabıyla məğlub olub. Bu görüşdə ciddi zədələnən güləşçimiz yarışdan çəkilib.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda əlcəzairli Abdelmalek Merabetə (6:0), 1/4 finalda isə Cənubi Koreya güləşçisi Yeonqhun Noha (8:3) qalib gəlib. Həmyerlimiz yarımfinalda isə özbəkistanlı Abdulla Aliyevə şans tanımayıb - 5:0. Üçüncü dəfə dünya çempionatının finalına yüksələn Ülvü həlledici qarşılaşmada fransalı İbrahim Qanemlə üz-üzə gələcək.

Murad Əhmədiyev debütdə italiyalı Nikoloz Kaxelaşvilidən (4:1), 1/8 finalda qırğızıstanlı olimpiya mükafatçısı Uzur Cuzupbekovdan (5:1) güclü olub. Güləşçimiz 1/4 finalda ermənistanlı olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanla qarşılaşıb. Titullu rəqibinə "tuş"la qalib gələn Murad yarımfinala yüksəlib. Əhmədiyev rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Milli.Az