İlham Əliyev: Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır

19 Sentyabr 2025 17:48

Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudilər yüz illərdir ki, digər xalqların və konfessiyaların nümayəndələri ilə birlikdə əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin yəhudi xalqının yeni il bayramı - Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına ünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, müasir dünyamızda Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir. Mədəni müxtəlifliyin qorunub saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

"Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər", - deyə Prezident İlham Əliyev müraciətində diqqətə çatdırıb.

Milli.Az