Türkiyə Azərbaycanı məyus etdi

18 Sentyabr 2025 16:16

Türkiyə mətbuatında anti-Azərbaycan ritorikasının yenidən gündəmə gətirilməsi diqqət çəkir. Narahatlıq doğuran məqam odur ki, bu ritorika təsadüfi mediada deyil, hakimiyyətə yaxın orqanlarda yayımlanır.

"Zəngəzur dəhlizi ilə bağlı son razılaşmalarda hansı qərarlara gəlinməsindən xəbərsiz olsam da, Türkiyə Cümhuriyyəti dövlətinin prosesdən kənarda qalmasını doğru hesab etmirəm. Bir tərəfdən "İki dövlət, bir millət" deyib, digər tərəfdən isə buna zidd hərəkət edirsiniz! Bu siyasət Türk dünyasının birliyini iflasa uğradır. Hər bir Türk dürüst və idealına sahib olmalıdır. Bu prinsiplərə əməl etməyənlərin isə xəyanət içində olduqları bilinməlidir".

Bu sözlər Türkiyə mətbuatında, "Hürriyet" qəzetində Azərbaycan haqqında yazılıb, ölkəmiz "xəyanət"də günahlandırılıb. "Sabah" qəzeti isə Azərbaycanı "vicdansız"lıqda ittiham edib, İsraillə əlaqələrimizi sərt şəkildə tənqid edib.

Son iki gün ərzində "Sabah" və "Hürriyyət" qəzetlərində yayımlanan Azərbaycanla bağlı neqativ və əsassız materiallar sadəcə təəssüf doğurur. Xüsusilə bu gün qardaş ölkənin rəsmi dairələrinə yaxın bir qəzetin Azərbaycanı Zəngəzur dəhlizi məsələsində açıq şəkildə "xəyanət"də ittiham etməsi vəziyyəti daha da qəlizləşdirir. Aydın məsələdir ki, bu tip yazılar yalnız diqqət çəkmək məqsədi daşımır, həm də müəyyən siyasi dairələrin maraqlarını əks etdirir. Bəs görəsən bu yazıların sifarişçisi kimdir?

Qəribə olan odur ki, Azərbaycanı "xəyanət"də ittiham edən Türkiyə bugün Ermənistanla sürətlə yaxınlaşma siyasəti aparır. Sərhədlərdən keçidlər, nümayişkarcasına görüşlər, Gümrü-Qars dəmir yolunun bərpası imkanlarının araşdırılması, mətbuata qapalı görüşlər və s bunun bariz nümunəsidir. Azərbaycan bu prosesi yalnız kənardan izləyir. Sözsüz ki, bu addımlar sual doğurur, lakin mediamız bunu "satqınlıq" kimi qiymətləndirmir.

Eləcə də, "Sürix razılaşmaları" və Xocalı qatili Serj Sarkisyanın administrasiyası ilə imzalanmış protokollar yadımızdan çıxmayıb. Əhməd Davutoğlunun diplomatiyası da yadımızdadır. Buna baxmayaraq, Azərbaycan qardaşlıq prinsiplərinə xələl gətirəcək hər hansı addım atmaması Azərbaycanın strateji səbrini və balanslı diplomatiya yürütmək qabiliyyətini göstərir.

Digər təhrif olunmuş mövzu isə Azərbaycanın Fələstin siyasətidir. Azərbaycan Türkiyədə "Fələstin düşməni" kimi də qələmə verilir. Azərbaycanın İsrailə münasibətləri qabardılır, Fələstinlə diplomatik və humanitar əlaqələri isə göstərilmir. Halbuki reallıq tam başqadır.

Azərbaycan və Fələstin arasındakı münasibətlər uzun illərdir davam edən qarşılıqlı etimad və əməkdaşlıq əsasında qurulub. 1992-ci ildə rəsmi diplomatik əlaqələrin yaradılması bu münasibətlərin əsasını qoyub. 2011-ci ildə Bakıda Fələstin səfirliyinin açılması isə münasibətlərin daha da möhkəmlənməsinin nümunəsidir. Açılışda Fələstin Prezidenti Mahmud Abbas şəxsən iştirak edərək iki ölkə arasındakı qarşılıqlı hörmət və əməkdaşlığı təsdiqləyib. Azərbaycan da Ramallahda nümayəndəlik ofisi saxlayır ki, bu da qarşılıqlı tanınma və diplomatik əməkdaşlığın konkret sübutudur.

Azərbaycan İsrail-Fələstin münaqişəsində iki dövlət həllini dəstəkləyir. Prezident İlham Əliyev 2024-cü ildə bu mövqeyi bir daha vurğulayıb və Qoşulmama Hərəkatının sədri kimi Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu müdafiə edib. Bu, Azərbaycanın Fələstin məsələsində balanslı və prinsipial mövqedə olduğunu göstərir.

Diplomatik və humanitar əməkdaşlıq sahəsində də Azərbaycan fəal mövqedədir. 2024-cü ildə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) 2 milyon dollar yardım göndərərək, Fələstin xalqına birbaşa dəstək göstərib. Eyni zamanda Azərbaycan BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) platformalarında Fələstinlə bağlı qətnamələri dəstəkləyib, beynəlxalq səviyyədə humanitar və diplomatik əməkdaşlığı gücləndirib.

Beynəlxalq münasibətlərdə təhsil və mədəniyyət sahəsi də önəmli rol oynayır. Azərbaycan və Fələstin arasında əməkdaşlıq protokolları imzalanıb, təhsil və mədəniyyət sahəsində müqavilələr həyata keçirilib. Fələstin tələbələri Azərbaycan universitetlərində təhsil alaraq iki xalq arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verirlər.

Münaqişə zamanı Azərbaycan həm İsrailin, həm də Fələstinin zərər çəkmiş mülki əhalisini nəzərə alır, hər iki tərəfdəki mülki zərbələri qınayır və sülh çağırışları səsləndirir. Bu balanslı yanaşma Azərbaycanın beynəlxalq hüquq və humanitar prinsiplərə sadiqliyini ortaya qoyur.

Yəni, Türkiyə mətbuatında Azərbaycan haqqında yazılanların reallıqla yaxından uzaqdan əlaqəsi yoxdur. Azərbaycan bugün Türkiyə ilə münasibətlərində qardaşlıq və etimad prinsipinə sadiq qalır, beynəlxalq arenada balanslı və prinsipial mövqe nümayiş etdirir.

Təəssüf doğuran hal odur ki, qardaş ölkənin bəzi media dairələri Azərbaycanı yanlış formada təqdim etməklə həm ictimai rəy formalaşdırır, həm də qardaşlıq və etimad prinsiplərinə zərbə vurur. Azərbaycan isə səbrini qoruyur, tarixi yaddaşını unutmur və hər addımını diqqətlə ölçüb-biçərək atır.

İslam
Milli.Az