Bu Çin avtomobili Rusiya bazarını tərk edir

17 Sentyabr 2025 23:14

Çinin dövlətə məxsus "Chery" avtomobil istehsalçısı 2027-ci ilə qədər Rusiya bazarından demək olar ki, tamamilə çıxmağı planlaşdırır. "Nikkei" bu addımın beynəlxalq sanksiyalara və ixrac məhdudiyyətlərinə uyğunluq məqsədilə atıldığını bildirir.

Milli.Az xəbər verir ki, buna baxmayaraq, "Mash" Telegram kanalı şirkətin əslində Rusiyadan çıxmayacağını iddia edir. Məlumata görə, "Chery" yeni "Tenet" brendi altında fəaliyyətini davam etdirəcək. Rəsmi "çıxış" isə sadəcə Honkonq Fond Birjasında IPO zamanı sanksiyalardan yayınmaq üçün edilmiş formallıqdır. Şirkət IPO vasitəsilə 1.2 milyard dollar cəlb etməyi planlaşdırır.

2024-cü ilin ilk rübündə "Chery"nin gəlirinin 25.5%-i, 2023-cü ildə isə 17.7%-i Rusiyanın payına düşüb. Hazırda ölkədə 372 diler və 687 salon fəaliyyət göstərir. Bu səbəbdən real bazardan çıxışın şirkət üçün sərfəli olmadığı qeyd olunur.

Eyni zamanda, utilizasiya yığımının artımı gözlənildiyi üçün alıcılar arasında avtomobillərə böyük tələbat müşahidə olunur və qiymətlərin 300 min rubldan çox artacağı proqnozlaşdırılır. Şirkətin əməkdaşları ehtiyat hissələri və servis xidmətlərində problem olmayacağını bildiriblər.

Asya
Milli.Az