Yuxunun həyatımıza təsiri

18 Sentyabr 2025 01:01

Uğurlu insanların enerjili və məhsuldar günə başlamalarının sirri düzgün yuxu rejimində və erkən oyanmaq vərdişində gizlənir. Səhər vaxtında oyanmaq təkcə günə sürətli başlamaq deyil, həm də sağlam həyat və diqqət üçün vacibdir.

Mütəxəssislər günə bir fincan çay və ya qəhvə ilə deyil, bir stəkan ilıq su ilə başlamağı tövsiyə edirlər. Bu, bədəni susuzluqdan çıxarır və enerjini bərpa etməyə kömək edir. İdeal oyanma vaxtı isə günəş doğduqdan sonrakı erkən saatlardır.

Kifayət qədər yuxu almayan insan gün ərzində həm yorğun, həm də diqqətsiz olur. Əgər səhər çox erkən oyanmaq məcburiyyətindəsinizsə, mütləq yuxu saatlarınızı buna uyğun tənzimləməlisiniz. Bədən qısa müddətdə yeni ritmə uyğunlaşır, lakin istirahət günlərində də eyni oyanma saatını qorumaq bioloji saatın pozulmaması baxımından vacibdir.

Günəş işığı bədənin "gündüz-gecə" ritmini müəyyənləşdirən əsas faktorlardan biridir. Oyandıqdan sonra pəncərələri açmaq və ya qısa bir gəzintiyə çıxmaq orqanizmin tam oyanmasına kömək edir. Bu həm də yuxululuq hissini azaltmaq üçün təsirlidir.

Səhərlər yüngül, lakin qidalı bir yemək - məsələn, tərəvəz, yumurta, bir dilim taxıl çörəyi və az miqdarda pendir - günə enerjili başlamağınıza dəstək olar, eyni zamanda artıq kaloridən uzaq saxlayar.

Yatmazdan əvvəl texnologiyadan uzaq durmaq da keyfiyyətli yuxunun vacib şərtidir. Mobil telefonları yataq otağından uzaqda saxlamaq, əvəzinə sadə bir zəngli saatdan istifadə etmək tövsiyə olunur. Oyandıqdan sonra isə texnologiyadan azı 10 dəqiqə uzaq durmaq, zehnin sakitliyini qorumaq baxımından faydalıdır.

Əgər səhər oyandığınızda özünüzü halsız hiss edirsinizsə, bunun əsas səbəbi bədənin gecə boyu susuz qalması ola bilər. Məhz buna görə də, su içmək yalnız bədəni oyatmaqla kifayətlənmir, həm də gün ərzində nəm balansını qorumağa kömək edir.

Kənan
Milli.Az