Cənubi Qafqazın yeni təhlükəsizlik sistemi: qarşıdurmadan əməkdaşlığa doğru

16 Sentyabr 2025 13:03

Cənubi Qafqaz artıq köhnə təsəvvürlərlə idarə olunmur. Son otuz ilin sabit kimi görünən "konstantaları" dağılıb, onların yerinə yeni siyasi, iqtisadi və geosiyasi parametrlər gəlir. Bu dəyişikliklərin katalizatoru isə 2020-ci ilin payızında baş verən 44 günlük müharibə oldu. Müharibənin nəticələri hələ də bölgənin siyasi memarlığını müəyyənləşdirir və yeni reallıqları bərqərar edir.

Bu nəticələri dörd istiqamətdə toplamaq olar: Azərbaycanın ərazi bütövlüyünün bərpası, sülh müqaviləsi perspektivi, regional kommunikasiyaların açılması və yeni təhlükəsizlik arxitekturasının qurulması. Birincisi tam reallaşıb, digərləri isə hələ prosesdədir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası faktı artıq beynəlxalq səviyyədə tanınmış reallıqdır. 2020-ci ildən sonra müxtəlif güclərin - Moskva, Vaşinqton, Brüssel, Tehran və Parisin - bu nəticəni dəyişməyə cəhdləri müşahidə olundu. Lakin 2023-cü ildən etibarən bu səylər dayanmağa başladı.

Ən simvolik hadisə ATƏT-in Minsk Qrupunun ləğvi oldu. Bu addıma hətta qrupun üç həmsədri - ABŞ, Fransa və Rusiya da səs verdi. Yəni, üç onillik boyu status-kvonu qorumaq üçün yaradılmış mexanizm özünü tarixin arxivində tapdı.

Tehran isə daha əvvəl regionda balans saxlayan siyasət yürütməyə çalışırdı. Lakin 2023-cü ildə İran prezidenti Qarabağa səfər etdi və bununla məsələnin İran üçün də bağlandığını açıq şəkildə göstərdi.

Bununla belə, müəyyən lobbi qrupları və revanşist dairələr mövzunu diriltməyə çalışır. Amma onlar artıq marjinallaşıb. Rusiya belə, Qarabağdan könüllü köçən erməniləri Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi yox, Ukraynada müharibədə canlı qüvvə kimi istifadə olunmasını da istisna etmir. Bu fakt, bölgədə yeni reallığın nə qədər möhkəmləndiyini göstərir.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması artıq konkret tarixlərə bağlanıb. ABŞ və Avropa İttifaqı prosesə siyasi və maliyyə dəstəyi verməyə hazırdır. Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə əsas şərtlər müəyyən olunub.

Türkiyə və Gürcüstan isə prosesin səmimi tərəfdarlarıdır. Ankara, Zəngəzur dəhlizi və regional inteqrasiyanın açılmasının yalnız iqtisadi deyil, həm də siyasi sabitlik gətirəcəyini vurğulayır. Tbilisi isə Cənubi Qafqazın yeni tranzit qovşağına çevrilməkdə maraqlıdır.

Moskva və Tehran isə bu məsələdə ikili mövqe tutur. Formal olaraq sülhə dəstək versələr də, praktiki nəticələrin uzanması üçün əlindəki bütün vasitələrdən istifadə edirlər. Məsələn, Rusiya xarici işlər naziri Sergey Lavrovun "Vaşinqton razılaşmalarının necə icra olunacağı" barədə açıqlamaları Kremlin prosesi nəzarətdə saxlamağa çalışdığını göstərir.

Əslində Moskva və Tehran anlayır ki, Azərbaycanla Ermənistan arasında real sülh imzalanarsa, bu, onların bölgədə təsir imkanlarını xeyli zəiflədəcək. Ermənistanın təhlükəsizlik baxımından Rusiyaya, həmçinin İrana ehtiyacı minimuma enəcək.

Sülhün reallaşması ilə bölgədə yeni təhlükəsizlik sistemi formalaşacaq. Bu sistem artıq Rusiya hərbi bazalarına və ya İranın balans siyasətinə deyil, regional əməkdaşlığa əsaslanacaq.

Bakı və Ankara son illərdə müdafiə əməkdaşlığını kəskin şəkildə genişləndirib. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi iki ölkəni faktiki olaraq hərbi müttəfiqlərə çevirdi. NATO üzvü olan Türkiyənin imkanları ilə Azərbaycanın artan müdafiə qabiliyyəti birlikdə Cənubi Qafqazın güc balansını dəyişdi.

Bununla yanaşı, Gürcüstan NATO ilə əməkdaşlığı dərinləşdirir, Qazaxıstan və Özbəkistan kimi Orta Asiya dövlətləri isə Azərbaycanla strateji enerji və nəqliyyat layihələrində tərəfdaşlığa girirlər. Bu, artıq yeni bir blokun - Avrasiya daxilində türk dövlətləri və müttəfiqlərinin koordinasiyasını gücləndirir.

Müharibədən sonra ən çox müzakirə olunan mövzulardan biri də Zəngəzur dəhlizidir. Bu layihə yalnız Azərbaycan və Naxçıvanı birləşdirməyəcək, həm də Türkiyəni Orta Asiyaya birbaşa çıxışa qovuşduracaq. Bu isə Avropadan Çinə qədər uzanan yeni İpək Yolu xəttinin daha qısa və təhlükəsiz marşrutunu təmin edəcək.

Dünya Bankının hesabatına görə, bu cür dəhlizlərin açılması region ölkələrinin ÜDM-ni orta hesabla 2-3% artırır. Məsələn, 2000-ci illərdə Mərkəzi Avropa ölkələrində yeni dəmir yollarının istifadəyə verilməsi 10 il ərzində regional ticarəti 35% yüksəltmişdi.

Zəngəzur dəhlizinin də eyni effekti göstərəcəyi gözlənilir. Avropa İttifaqı və ABŞ da bu layihəyə maraq göstərir, çünki alternativ enerji və nəqliyyat marşrutları qlobal iqtisadi təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycanın mövqeyi beynəlxalq hüquqa tam uyğundur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə (822, 853, 874, 884) Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirdi. Bu sənədlərin icrası yalnız 2020-ci ildə mümkün oldu.

Eyni zamanda, BMT Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığını təsbit edir. Bu prinsip Helsinkidə qəbul olunmuş 1975-ci il ATƏT Yekun Aktında da öz əksini tapıb.

Bütün bunlar Azərbaycanın hüquqi əsaslarının möhkəm olduğunu sübut edir. Ermənistanda isə bu faktı inkar edən dairələr yalnız revanşist xəyallarla yaşayır.

Cənubi Qafqaz artıq köhnə "donmuş münaqişələr" bölgəsi deyil. O, yeni siyasi, iqtisadi və təhlükəsizlik parametrləri ilə formalaşan dinamik regiona çevrilir. Azərbaycanın qətiyyətli addımları, Türkiyənin strateji dəstəyi, Qərbin maraqları və hətta Moskva ilə Tehranın məhdud imkanları bu prosesi geri dönməz edir.

Gələcəkdə sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması və regional əməkdaşlıq layihələrinin reallaşması ilə Cənubi Qafqaz artıq münaqişələrin yox, imkanların regionu olacaq.

Cənubi Qafqazın gündəliyində uzun illər dondurulmuş mövzulardan biri də Ermənistan-Türkiyə münasibətləridir. Bu mövzu indi artıq yalnız diplomatik ritorikanın yox, real siyasi gündəliyin tərkib hissəsinə çevrilib. Maraqlıdır ki, proses tamamilə Bakı ilə sinxronlaşdırılıb. Azərbaycan açıq şəkildə bəyan edib ki, Ermənistan-Türkiyə normallaşması yalnız Ermənistan-Azərbaycan sülh sazişi ilə paralel şəkildə mümkündür. Bu, həm regional balansı qorumaq, həm də hər hansı birtərəfli güzəştlərin qarşısını almaq üçün mühüm şərtdir.

Vaşinqton və Brüssel bu mövzuda illərdir aktivdir. ABŞ Senatında hələ 2000-ci illərin əvvəlində qəbul edilən qətnamələrdə Ermənistan-Türkiyə münasibətlərinin bərpası təşviq olunurdu. Avropa İttifaqı isə 2009-cu ildə Sürix protokollarını fəal şəkildə dəstəkləmişdi. Bu gün həm ABŞ, həm də Aİ maliyyə, texniki yardım və diplomatik resurslarla prosesin sponsoru rolunu oynamağa hazırdır.

Ən çox narahat olan güclər isə Moskva və Tehrandır. Çünki Ermənistan indiyə qədər onların təsir dairəsində qalırdı. Türkiyə isə bu ölkədə faktiki olaraq yox idi. Əgər normallaşma baş tutarsa, Ermənistanın siyasi, iqtisadi və mədəni məkanında Türkiyə faktoru güclü şəkildə hiss olunacaq. Bu isə həm Rusiyanın "xüsusi münasibət" statusunu zəiflədəcək, həm də İranın balans siyasətini çətinləşdirəcək.

Rusiya və İran prosesin qarşısını almağa çalışsalar da, imkanları məhdudlaşıb. Moskva Ukrayna müharibəsi ilə bağlı resurslarını tükədib, Tehran isə sanksiyalar səbəbindən ciddi təcrid vəziyyətindədir. Bu səbəbdən Ermənistan-Türkiyə yaxınlaşmasının qarşısını tamamilə kəsmək onlar üçün getdikcə mümkünsüzləşir.

Cənubi Qafqazın gələcəyi üçün ən mühüm məsələlərdən biri regional kommunikasiyaların bərpasıdır. Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin edəcək Zəngəzur dəhlizi, həm də Türkiyəni Orta Asiya və Çinə birləşdirən strateji xətt olacaq.

ABŞ bu prosesdə "yer üzərində iştirak" niyyətini gizlətmir. Vaşinqton artıq dəmir yolu və avtomobil xətləri layihələrinə investisiya üçün özəl şirkətləri maraqlandırır. Avropa İttifaqı isə maliyyə sponsorluğuna hazırdır. Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar 2024-cü ildən başlayaraq dəfələrlə Bakıya, Naxçıvana və İrəvana səfərlər edib. O, infrastruktur layihələrinin icrası üçün ilkin büdcə dəstəyi və texniki ekspertiza təklif edib.

Fəqət bu sahədə hələ də boşluqlar mövcuddur. Moskva və Tehran öz maraqlarını qorumaq üçün İrəvanla intensiv danışıqlar aparır. Ermənistanın son aylarda İran, Fransa və Rusiya ilə paralel müzakirələr aparması da təsadüfi deyil. Onlar layihənin parametrlərini dəyişmək, ya da prosesə nəzarəti saxlamaq istəyirlər.

Ən həlledici məqam isə TRIPP (Transregional İnfrastruktur və Platforma Proqramı) çərçivəsində Zəngəzur dəhlizinin konkret marşrutunun müəyyənləşdirilməsi və infrastrukturun inşasına başlanması olacaq. Bu "son döyüş" məhz həmin anda baş verəcək. Çünki marşrut dəqiqləşdikcə, artıq heç bir tərəf prosesdən kənarda qala bilməyəcək.

Hazırda müşahidə etdiyimiz mənzərə budur: bölgə ölkələri - Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstan - faktiki olaraq müharibənin nəticələrini reallaşdırmağa başlayıblar. Bu nəticələr yeni siyasi, iqtisadi və təhlükəsizlik parametrləri formalaşdırır.

Əgər Bakı və İrəvan qəti qərar qəbul etsə, heç bir xarici oyunçu prosesi dayandıra bilməyəcək. Əksinə, onları yeni reallıqla barışmağa məcbur edəcək. ABŞ və Aİ prosesə dəstək verir, Türkiyə və Gürcüstan isə region daxilində təşəbbüskar rol oynayır. Rusiya və İran isə yalnız adaptasiya imkanlarını axtarır.

Əlbəttə, bu dövrdə müəyyən turblulentliklər, gərginliklər və süni maneələr olacaq.

Amma strateji xətt artıq çəkilib: Cənubi Qafqaz geri dönməz şəkildə yeni mərhələyə qədəm qoyur.

Elçin Alıoğlu
TREND