Xırdalan sakinləri şikayətlənirlər: "Qaş düzəldən yerdə göz çıxardırlar"

16 Sentyabr 2025 12:35

Xırdalanda kanalizasiya çəkilişi aparanlar başqa problemləri də üzə çıxardıblar. Küçəyə kanalizasiya xətti çəkilsə də, yolu pis günə düşüb.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, işlər bitdikdən sonra yolu təmir etmirlər:

"Yol keçilməz haldadır. Hər yer torpaqdır, avadanlıqlar buralarda qalıb. 9 aydır bu vəziyyətdə qalmışıq". 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, sözügedən küçədə dəmir beton kanalizasiya borusu Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi əsasında podratçı təşkilat tərəfindən yenisi ilə əvəz olunur. Hal-hazırda tikinti işləri davam etdirilir. İşlər bitəndən sonra isə yolun asfaltlanması da nəzərdə tutulub. 

Aysel Əkbər
Milli.Az