Xankəndidə silah səsləri eşidildi, yaralananlar var - erməniəsilli şəxs tutuldu

14 Sentyabr 2025 17:01

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulmuşdur.

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanmışdır.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Milli.Az