Özünü yaşadığı binadan ataraq intihar etdiyi deyilən 40 yaşlı Vüsalə Dadaşovanın ölümü ilə bağlı aparılan istintaq genişləndirilir.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyev bu günlərdə mərhum Vüsalənin atası Zakir Nəbiyevi qəbul edib.
Valideyn hadisə barəsində baş prokuroru məlumatlandırıb, qızının əri Sevindik Dadaşov tərəfindən qəsdən öldürüldüyündən ciddi şübhələri olduğunu deyib.
Z.Nəbiyev qızının ölümündən əvvəl anasına zəng edib öldürüləcəyini deməsini və başqa sübutlardan da danışıb.
K.Əliyev valideyni əmin edib ki, bu məsələyə hərtərəfli baxılacaq, bütün şübhəli məqamlar tək-tək araşdırılacaq.
Baş prokurorun tapşırığından sonra Bakı şəhər prokuroru Elşən Abbasov da valideynlə görüşüb. E.Abbasov deyib ki, cinayət işinə daha dərindən və obyektiv baxılması üçün baş prokuror tərəfindən Xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, sözügedən hadisə ötən ilin yayında Xətai rayonunun Gəncə prospektində baş verib. İlkin məlumata görə, 1984-cü il təvəllüdlü V.Dadaşova özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. Amma Vüsalənin yaxınları hadisənin intihar deyil, qəsdən törədilən qətl olmasından şübhələnirlər. Əvvəlki yazımızda mərhumun atasının müraciətini təqdim etmişdik.
Milli.Az