“Qızı yoldaşımdan içki məclisində istəyiblər” - Nişanlanan yeniyetmənin anası - YENİLƏNİB - VİDEO

10 Sentyabr 2025 20:40

20:40

Xəbər verdiyimiz kimi, Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

Milli.Az-ın məlumatına görə, hadisə ilə bağlı yeniyetmə qızın anası "Xəzər Xəbər" danışıb.

Yeniyetmənin anası iddia edib ki, nişan olmayıb. Qızın atası məclislərdən birində sərxoş halda söz verib.

Sabirabad polisi isə erkən nikah haqqında niyyətdən xəbər tutduqdan sonra 20 yaşlı Elvin Məmmədli, onun atası Elşən Məmmədli və 14 yaşlı qızın atası Hikmət Fərzəliyevi şöbəyə dəvət edib. Onlarla söhbət aparılarkən qızın atası Hikmət Fərzəliyev qışqıraraq söyüş söyüb, qızı ilə nişanlanan oğlanın atasını təhqir edib. Bu zaman onunla qızın nişanlandığı Elvin Məmmədli arasında mübahisə yaranıb. Polisin sakitləşdirməsinə baxmayaraq onlar ictimai asayişi pozublar.

Hikmət Fərzəliyev və Elvin Məmmədli barəsində protokol tərtib olunub və məhkəməyə göndərilib. Onlar məhkəmənin qərarı ilə inzibati qaydada 8 sutka həbs olunublar.

Daha ətraflı süjetdə:

------------
10:15


Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əsədli kəndində baş verib.

Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın atası 1987-ci il təvəllüdlü S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.

O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə "Həri" məclisinin olduğunu deyib.

İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib.

Milli.Az