İşıqforlar kökündən dəyişir, yeni rəqəmsal ekran əlavə olunur

10 Sentyabr 2025 08:48

Almaniyada yeni nəsil ağıllı işıqfor sistemi - "VeloFlow" sınaqdan keçirilir

Almaniya, şəhər içi nəqliyyatda velosiped istifadəsini təşviq etmək və yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə "VeloFlow" adlı yeni ağıllı işıqfor sistemini tətbiq etməyə başlayıb. İlk mərhələdə müəyyən bölgələrdə sınaqdan keçirilən bu texnologiya, yalnız velosipedçilərə deyil, piyadalara və sürücülərə də yeni qaydalar gətirir.

İşıqforlar artıq velosipedçilərə görə işləyəcək

"VeloFlow" sisteminin əsas özəlliyi ondan ibarətdir ki, işıqforlar velosipedçilərin hərəkətinə uyğun olaraq dinamik şəkildə tənzimlənir. Bununla velosiped istifadəçiləri ənənəvi işıqforlarda qarşılaşdıqları uzun gözləmə müddətlərindən xilas olacaq və daha axıcı bir hərəkət imkanı əldə edəcəklər.

Rəqəmsal ekranlar quraşdırılır

Layihə çərçivəsində seçilmiş bəzi kəsişmələrə velosipedçilərin sürətini ölçərək işıq vəziyyətini proqnozlaşdıran rəqəmsal ekranlar quraşdırılıb. Bu ekranlar, məsələn, saatda 20 km sürətlə hərəkət edən velosipedçinin növbəti işıqda "yaşıl"a, yoxsa "qırmızı"ya düşəcəyini göstərir. Beləliklə, velosipedçilər daha təhlükəsiz qərar verə bilirlər.

Bütün istifadəçilər üçün yeni qaydalar

"VeloFlow" yalnız velosipedçilərə yönəlməyib. Sistemin tətbiq edildiyi bölgələrdə piyadalar və motorlu nəqliyyat vasitələrinin sürücüləri üçün də işıqfor qaydaları dəyişdirilib. Rəsmilər, sürücülərə və piyadalara yeni işıq siqnallarına uyğunlaşmağın vacibliyini xatırladır və diqqətli olmalarını tövsiyə edir.

Məqsəd: daha təhlükəsiz və davamlı nəqliyyat

Almaniya rəsmilərinin sözlərinə görə, bu texnoloji yenilik həm şəhər içi yol təhlükəsizliyini artıracaq, həm də velosiped istifadəsini gündəlik nəqliyyatda daha cazibədar edəcək. "VeloFlow" layihəsi, ekoloji nəqliyyat həlləri çərçivəsində atılan mühüm addım hesab olunur.

Lalə Qüdrətova
Milli.Az