Yunanıstanlı kardioloqlar bildirirlər ki, hər gün soyuq preslə hazırlanmış zeytun yağı qəbul etmək damarların vəziyyətini yaxşılaşdıra bilər.
Milli.Az xəbər verir ki, araşdırma "Nutrients" jurnalında dərc olunub.
Tədqiqatda 50 yüksək xolesterinli və 20 sağlam könüllü iştirak edib. Dörd həftə ərzində iştirakçılar zeytun yağını gündəlik qəbul ediblər və mikrotsirkulyasiya ölçümləri ilə qan axını, toxumaların oksigenlə təminatı və təzyiqin dəyişməsi izlənilib.
Nəticələr göstərdi ki, lipid profili pozulmuş şəxslərdə qan axını sürətlənir, toxumalara oksigen daha yaxşı çatır, diastolik təzyiq və nəbz bir qədər azalır. Xüsusilə polifenol tərkibi yüksək olan yağlar daha yaxşı nəticə verib.
Alimlər qeyd edirlər ki, tədqiqat hələ ki kiçik ölçüdədir və müalicəvi effekt barədə erkən danışmaq olmaz. Ancaq nəticələr göstərir ki, zəngin polifenol tərkibli zeytun yağı xolesterini yüksək olan insanlar üçün damar sağlamlığını dəstəkləyə bilər.
İsmayıl
Milli.Az