Əslən Qazax rayonundan olan professor vəfat etdi

9 Sentyabr 2025 09:45

İstanbul Universitetinin professoru, dünya şöhrətli plastik cərrah, görkəmli elm adamı, tarixi - etnoqrafik araşdırmalar müəllifi və nəhayət ölkəmizin ən ağır günlərində yanımızda olaraq şəfalı əllərini bizlərdən bir an belə əsirgəməyən İbrahim Yıldırım 2025-ci il sentyabrın 9-da dünyasını dəyişib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Qazax rayonundan olan professor İbrahim Yıldırım  hələ gənclik illərindən zəhmətə qatlaşaraq həyatını bütövlükdə təhsilə, maariflənməyə həsr edib, daim təkmilləşmək üçün bir-birinin ardınca müxtəlif ölkələrin nüfuzlu ali məktəblərdə dünya şöhrətli alimlərdən dərs alıb. Sonralar İbrahim Yıldırım özü dünyanın ən tanınmış elm, təhsil ocaqlarında tibb elmindən mühazirələr oxuyub. Onun müxtəlif dilləri səlist bilməsi, adi ünsiyyətdən tutmuş, mürəkkəb elmi terminli mühazirələrində fikirlərini çox aydın şəkildə ifadə etmək məharəti, tədris bacarığı professorun yüksək peşəkarlığından xəbər verib.

Doktor İbrahim Yıldırım bütün varlığı ilə Azərbaycana bağlı insan olub. Azərbaycanın elmi mühiti ilə yanaşı, o,  ölkəmizin ədəbi mühitini də yaxından tanıyıb. Vaxt məhdudiyyətinə baxmayaraq mütəmadi olaraq Azərbaycanda olub, ədəbi məclislərdə, tədbirlərdə böyük həvəslə iştirak edib. Ümummilli lider Heydər Əliyevlə görüşüb.

Professor İbrahim Yıldırım geniş dünyagörüşə malik olan bir alim kimi onun məntiqi araşdırma və dərin təfəkkürə əsaslanan fikirləri mötəbər auditoriyalarda həmişə böyük maraqla qarşılanıb. O, bir çox tibbi və ictimai qurumların üzvü olub. Kifayət qədər ciddi və nüfuzlu sayılan bu qurumlarda professor İbrahim Yıldırımın fikir və təklifləri əsas götürülərək həlledici rol oynayıb.

Doktor İbrahim Yıldırım tibb elmində bir çox ilklərə imza atıb, qazandığı uğurlar ilə tibb aləmində məşhurlaşıb, dünya şöhrətli alim kimi tanınıb. Onun tibb elminə verdiyi töhfələr hələ bundan sonra neçə illər bəşər övladının sağlamlığına xidmət edəcək.

Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşduğu ilk illərdə professor Ibrahim Yıldırım ölkəmizə təmənnasız köməyini yetirib. Həmin ağır dövrdə Qarabağ savaşında yaralanmış döyüşçülərimizin müalicə olunmasında, ölkəmizə dərman ləvazimatlarının gətirilməsində, hətta ağır yaralıların xarici ölkələrdə müalicə almasında professorun xidmətləri danılmaz fakt kimi Azərbaycanın müharibə tarixində yer alıb.

Professor İbrahim Yıldırım tükənməz enerji ilə daim Azərbaycanı dünyaya təqdim və təbliğ edib. Ölkəmizin inkişafı, təqəqqisi onu qəlbən sevindirib və özü də bilavasitə bu inkişaf proseslərinin iştirakçısı olub.

Azərbaycan səhiyyəsinin inkşafı üçün İbrahim Yıldırım heç vaxt öz köməyini əsirgəməyib. Xüsusilə tibb kadrlarının hazırlanması məqsədi ilə azərbaycanlı gənclərin Türkiyənin ali təhsil ocaqlarında təhsil alması üçün o, təqdirəlayiq işlər görüb.

Dünya şöhrətli cərrah, dəyərli alim, milli məfkurəli ziyalı, böyük azərbaycanlı və Azərbaycan adına həmişə ucalıq, şərəf gətirən professor İbrahim Yıldırımın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Milli.Az