Uşaqlarda immunitetin zəifləməsinin GÖZLƏNİLMƏZ SƏBƏBİ

8 Sentyabr 2025 03:03

Hər iki uşaqdan biri ildə azı iki dəfə xəstələnir. Rusiyalı alimlərin yeni araşdırmasına görə, bu hallar bəzən gözlənilməz bir səbəblə, havanın alüminium birləşmələri ilə çirklənməsi ilə əlaqədar ola bilər.

Milli.Az-ın xarici mətbuata istinadən məlumatına görə, Perm Politexnik Universitetinin alimləri müəyyən ediblər ki, sənaye bölgələrində havaya qarışan incə alüminium tozları və həll olunan birləşmələr tənəffüs yolu ilə asanlıqla bədənə daxil olur və zamanla orqanizmdə toplanır.

Bu da uşaqlarda immun sisteminin zəifləməsinə səbəb ola bilər.

Qeyd edək ki, alüminium gündəlik həyatda qablar, bankalar, folqa və s. vasitəsilə geniş istifadə olunur və bu formalarda təhlükəli deyil. Problem sənaye mənbələrindən yayılan, nəfəs yoluyla daxil olan mikroskopik hissəciklərdədir.

Araşdırmada 7-11 yaş arası 156 uşaq iştirak edib. Sənaye tullantılarının yüksək olduğu ərazilərdə yaşayan uşaqların qanında alüminium səviyyəsi "təmiz" zonalarda yaşayanlara nisbətən 4 dəfə, sidikdə isə 3 dəfə yüksək olub. Kütləvi spektrometriya analizi bu uşaqlarda orqanizmdə alüminiumun yığıldığını açıq şəkildə göstərib.

Bu fon qarşısında immun sistemində ciddi pozuntular müşahidə olunub:

Müdafiə hüceyrələri (faqositlər) zəifləyib,

Əsas immunoqlobulinlərin (G, A, M) səviyyəsi 17-32% azalıb,

Viruslara və şiş hüceyrələrinə qarşı mübarizə aparan killer hüceyrələrin sayı yarıbayarı azalıb,

Əvəzində immun cavabı zəiflədən tənzimləyici T hüceyrələrinin sayı artıb.

Orta hesabla, bu toksik təsir nəticəsində uşaqların immun sisteminin funksional göstəriciləri 10% azalıb. Alimlər ən təhlükəli hal kimi bədənin alüminium və onunla əlaqəli zülallara qarşı antikorlar istehsal etməyə başlamasını qeyd edirlər. Bu vəziyyət isə xroniki iltihabların yaranmasına və immun sistemin daha da zəifləməsinə gətirib çıxarır.

Avtonom sinir pozğunluğu olan uşaqlar xüsusi diqqət mərkəzində olub. Onların qanında alüminium səviyyəsi 14% yüksək, sinir hüceyrələrinin zədələnməsi göstəriciləri isə normadan 2,3 dəfə artıq olub. Bu da alüminiumun sinir sisteminə zərərli təsirini və vegetativ pozuntularla əlaqəsini bir daha sübut edib.

Kənan
Milli.Az