ABŞ hüquq-mühafizə orqanları avtomobil nəhəngi "Hyundai"nin Corciya ştatındakı elektrikli avtomobil akkumulyatoru zavoduna reyd keçirib.
Milli.Az xəbər verir ki, Daxili Təhlükəsizlik Departamentinin açıqlamasına görə, əməliyyatda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), Federal Təhqiqat Bürosu (FTB) və əyalət polisi iştirak edib. Basqın "qeyri-qanuni məşğulluq və digər federal cinayətlərlə bağlı istintaq" çərçivəsində aparılıb.
Məlumata əsasən, vizası bitmiş və ya qanunsuz şəkildə zavodda olan 475 nəfər saxlanılıb. Onların bir qisminin birbaşa "Hyundai"də deyil, müxtəlif vasitəçi şirkətlərdə çalışdığı bildirilib.
Şirkət yayımladığı bəyanatda saxlanılanların birbaşa "Hyundai Motor Company" işçiləri olmadığını vurğulayıb:
"Vəziyyəti yaxından izləyirik və dəqiq şərtləri anlamaq üçün araşdırmalar davam edir."
Hadisə ilə bağlı əlavə təfərrüatların Daxili Təhlükəsizlik Departamentinin keçirməsi planlaşdırılan mətbuat konfransında açıqlanacağı gözlənilir.
Milli.Az