Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlanılıb.
Trend-in Zəngilan rayonuna ezam olunmuş müxbirinin məlumatına görə, Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərə açıqlamasında bildirib.
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinə 2021-ci ildə başlanıldığını xatırladan tikinti meneceri qeyd edib ki, dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 km-dir (yan yollarla birlikdə 140,6 km): "Layihə çərçivəsində 9 stansiyanın, 9 körpünün, 26 avtomobil keçidinin, 3 qalereyanın, 4 tunelin və ümumilikdə 500-dən çox mühəndis qurğularının tikintisi həyata keçirilir.
Ox üzrə 60 metr enində minatəmizləmə işləri başa çatdırılıb".
Ə. Cavad vurğulayıb ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: "Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir.
Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir.
Layihənin keçdiyi bu ərazilər sərt dağlıq və qayalıq relyefləri olduğundan qazma işləri bəzən partladılma formasında icra edilir".
O qeyd edib ki, layihənin ikinci mərhələsi üzrə təbii relyef Xudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundan qorunması üçün əlavə körpülər tikilib: "3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşası davam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşa edilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləri yekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsulla inşa edilən tuneldə isə beton-suva işləri sürətlə davam etdirilir".
"Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75,6 km hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Tikinti üzrə ümümi fiziki tərəqqi isə 67% təşkil edir", - deyə Ə. Cavad fikrini yekunlaşdırıb.
Milli.Az