Mövsüm dəyişikliyi zamanı bədənimizi viruslardan necə qoruya bilərik?

3 Sentyabr 2025 23:37

Fəsil dəyişkənlikləri, xüsusilə də yaydan payıza və payızdan qışa keçid dövrləri insan sağlamlığı üçün riskli sayılır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dövrlərdə havaların dəyişkən olması virus infeksiyalarının yayılmasına əlverişli şərait yaradır.

Bəs virusa tutulmamaq üçün hansı nüanslara diqqət etməliyik? 

Milli.Az xəbər verir ki, səhiyyə üzrə mütəxəssislərin bildirdiyinə görə, temperaturun gündəlik fərqlə dəyişməsi orqanizmin müdafiə sisteminə təsir edir, immunitet zəiflədikcə isə qrip, soyuqdəymə və digər respirator infeksiyalara yoluxma halları artır.

"Fəsil dəyişkənliyi zamanı xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir", - deyə infeksionist həkimlər bildirirlər.

Mütəxəssislər vətəndaşlara profilaktik tədbirlərə ciddi yanaşmağı, düzgün qidalanma, kifayət qədər yuxu, gigiyena və havanın dəyişməsinə uyğun geyimlər seçməyi tövsiyə edirlər. Eləcə də qapalı və sıx məkanlarda maska istifadəsi və əllərin mütəmadi dezinfeksiyası vacib sayılır.

Həkimlər bu dövrdə vitamin və minerallarla zəngin qidaların qəbulunu artırmağı, xüsusilə C vitamini, sink və D vitamini ilə zəngin qidalara üstünlük verilməsini tövsiyə edirlər.

Qeyd edək ki, viruslardan qorunmağın ən effektiv yolu güclü immun sisteminə sahib olmaq və şəxsi gigiyena qaydalarına əməl etməkdir.

Asya
Milli.Az