Bir müddət əvvəl Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasının şəraitsiz olması, ayrılan ərzaqların mənimsənilməsi ilə bağlı məlumatlar yayılıb. Övladı həmin bağçaya gedən valideyn 5 yaşlı qızının bağça müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulduğunu deyib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında araşdırma aparılıb.
"Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür", - məlumatda billdirilib.
Qeyd edək ki, yayılan şikayətdə həmçinin bildirilirdi ki, uşaqlar səhər yeməyi adı ilə sadəcə çörək yeyir və çay içirlər. 15 gündən bir 10 kiloqram ət gətirilir, amma ondan uşaqlara bir kilo belə çatmır. Toyuğun piylərini, dərisini çəkib kotlet adı ilə uşaqlara yedizdirirlər.
Milli.Az