Hindistan qeyri-konstuktiv davranış nümayiş etdirir.
Hindistanın ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında tamhüquqlu üzvlüyünə qarşı çıxması ümumiyyətlə bu çoxtərəfli beynəlxalq qurumun əsas təsis sənədi olan Xartiyasına uyğun gəlmir. Təşkilatın məqsəd və vəzifələrini müəyyən edən Xartiyanın 1-ci maddəsində göstərilir ki, onun əsas məqsədləri dövlətlər arasında qarşılıqlı etimadın, dostluğun və mehriban qonşuluğun möhkəmləndirilməsi, sülhün, təhlükəsizliyin və sabitliyin qorunub saxlanılması, yeni demokratik, ədalətli və rasional siyasi və iqtisadi beynəlxalq nizamın qurulmasına kömək etmək məqsədilə əməkdaşlığın inkişaf etdirilməsi, üzv dövlətlərin beynəlxalq öhdəliklərinə və onların milli qanunvericiliyinə uyğun olaraq insan hüquq və əsas azadlıqlarının təşviq edilməsindən ibarətdir. Bu fundamental məqsədlərin əlehinə olaraq, Hindistan qeyri-konstruktiv, diplomatik müstəvidə qəbul olunmaz bir davranış nümayiş etdirir. Mən xatırlatmaq istərdim ki, Hindistandan fərqli olaraq Cin Xalq Respublikasının rəhbərliyi ölkəmizin Təşkilata üzvlüyünü birmənalı olaraq dəstəkləyib və onun Şanxay ruhu prinsiplərinə uyğun olduğunu bildirib. Hər hansı bir problemi rəhbər tutaraq, Hindistan tərəfindən çoxtərəfli beynəlxalq əməkdaşlıga əngəllər yaradılması, ümumiyyətlə, diplomatiya sahəsində qəbul edilməyən və təşviq olunmayan davranışdır və BMT-nin Baş Assambleyası tərəfindən 24 oktyabr 1970-ci il tarixində 2625 (XXV) saylı qətnamə ilə qəbul edilmiş "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq Dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamənin" kobud formada pozulmasıdır. Hindistanın mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə bağlıdır, ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan beynəlxalq müstəvidə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın tərəfdarı oldması və bu istiqamətdə fəaliyyətini səmərəli şəkildə həyata keçirməsi ilə yanaşı, suveren dövlət olaraq heç bir halda imkan verməyəcək ki, kimlərsə ölkəmizə qarşı təzyiq etsin.
Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü