22:37
Valideynləri tərəfindən döyülərək körpələr evinə verilən azyaşlı anasına qaytarıldıqdan sonra yenidən zorakılığa məruz qalıb.
Milli.Az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, körpənin fiziki zorakılığa məruz qalması ilə əlaqədar ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığa götürmə və himayədar ailə" altsisteminə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən müraciət daxil olub.
"Həmin müraciət əsasında uşaq Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin qərarı ilə 1 nömrəli Körpələr evinə yerləşdirilib. Daha sonra körpənin anası Sevinc Rəhimova uşağı himayəsinə qaytarmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 11.06.2025-ci il tarixli qətnaməsində azyaşlının anasının himayəsinə verilməsinə qərar verib və uşaq anasının himayəsinə qaytarılıb", - məlumatda bildirilib.
--------
20:54
Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Milli.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələri aparılır. Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağır olduğundan, onun Bakı şəhərinə gətirilməsi üçün tədbirlər görülür.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi məsələni nəzarətə götürüb. Mərkəzin əməkdaşları uşaqların yanında olub, onların səhhəti ilə yaxından maraqlanırlar. İlkin məlumata əsasən, hadisəni törədən valideynlər polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Baş vermiş hadisə zamanı valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirərək onların mənəviyyatını alçaldıblar, qəddarlıq, kobudluq və biganəlik nümayiş etdiriblər. Bu, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsinin kobud şəkildə pozulması deməkdir", - Teymur Mərdanoğlu əlavə edib.
O qeyd edib ki, mövcud vəziyyət valideynlərin məsuliyyətə cəlb olunması və Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə ilə nəticələnəcək.
---------
18:41
Ağdamda ağır xəsarətlər alan iki yaşlı uşaq xəstəxanaya yerləşdirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun atası tərəfindən döyüldüyü iddia olunur.
Hadisə rayonun Xındırıstan kəndində baş verib.
Belə ki, iki yaşlı R.M ağır bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, daxil olarkən azyaşlının vəziyyəti kəskin ağır olub.
Hadisəni törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az