Türkiyə və Rusiya klubları arasında qalmaqal - "Qalatasaray" məhkəməyə hazırlaşır

27 Avqust 2025 12:23

Türkiyənin "Qalatasaray" klubu ilə Rusiyanın "Spartak Moskva" klubu arasında transfer qalmaqalı yaşanır.

Milli.Az xəbər verir ki, Qalatasaray" müdafiəçi Karlos Kuestanın Moskva klubuna keçidi tibbi müayinədən keçmədiyi üçün baş tutmasa, məsələni məhkəməyə daşıyacağını açıqlayıb.

Sarı-qırmızılı klub cari mövsümün əvvəlində, təlim-məşq toplanışından öncə 26 yaşlı kolumbiyalı futbolçu ilə bağlı beynəlxalq səviyyədə tanınmış tibbi hesabatlar əldə edib.

Mənbənin bildirdiyinə görə:

"Görünür, 'Spartak' Kuestanı tibbi müayinədən keçməməsi bəhanəsi ilə geri qaytarmaq niyyətindədir, çünki başqa bir oyunçu ilə müqavilə imzalamaq imkanı yaranıb."

Qeyd edək ki, Karlos Kuesta bu ilin fevralından "Qalatasaray"da çıxış edir. O, 2024/25 mövsümündə 9 matçda forma geyinib.

Futbolçunun klubla müqaviləsi 2028-ci ilin 30 iyununa qədər qüvvədədir.

Milli.Az