4-cü “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının Açılış Mərasimi baş tutub - FOTO

26 Avqust 2025 16:46

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və ARKA-nın dəstəyi, Nizami Kino Mərkəzinin təskilati dəstəyi, eləcə də "Paşa Holdinqin" baş sponsorluğu ilə keçirilən 4-cü "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının Açılış Mərasimi baş tutub. Səhər saat 9-dan Nizami Kino Mərkəzinin qarşısında yığışan 400-ə yaxın Festival iştirakçıları orkestrin ifa etdiyi musiqi sədaları altında Mərkəzə daxil olaraq zalda öz yerlərini tutublar. Açılış Mərasimində mötəbər qonaqlar, Festivalın xarici ölkələrdən olan qonaqları, KİV nümayəndələri, həmçinin, bir çox kino və mədəniyyət xadimləri iştirak ediblər.

Açılış Mərasimində ilk olaraq Festivalın Art Direktoru Leyla Dostəlizadə Festivalın iştirakçılarını və qonaqları salamlamış, Festivala dəstək olan qurum və şirkətlərə təşəkkürünü bildirmişdir. ARKA-nın baş direktoru Rəşad Əzizov çıxış edərək yeniyetmələrə və Festivala uğurlar diləmişdir. Daha sonra Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin Attaşesi cənab Sübhan Rəhimli söz almış və Festival haqqında düşüncələri ilə bölüşmüşdür. Mötəbər qonaqların çıxışları bitdikdən sonra  Festivalın təsisçisi və baş direktoru Nəriman Məmmədov "Salam" BYFF-nın 4-cü buraxılışını açıq elan etmişdir.

Rəsmi mərasimdən sonra Festivalın konkurs proqramı Yaponiya istehsalı olan "You are here, you were here" (rej. Kousuke Sakoda) filmi ilə açılmışdır. Filmin nümayişindən sonra rejissor Kousuke Sakoda səhnəyə qalxmış və sorğu-sualda iştirak etmişdir. Filmin yaradıcısı ilə yaxından tanış olmaq imkanı yeniyetmələrdə  zəngin emosiyalar yaratmışdır.

Nahar fasiləsindən sonra uşaqlar "Cinemarathon" seminarına qoşularaq mentorlar Qurban Bünyatov, Eldar Albertson və Leylaxanım Qənbərli tərəfindən lazımi tapşırıqlar alıblar və qruplar daxilində çəkəcəkləri öz kiçik filmlərinin ideyaları üzərində çalışmağa başlayıblar. Paralel olaraq hər qrupdan bir neçə yeniyetmə ayrılaraq İro Riganın (Yunanıstan) apardığı "Salam News & Backstage" seminarında iştirak ediblər.

Festivalın ilk günü Norveç istehsalı olan "Dancing Queen in Hollywood" (rej. Aurora Gosse) filminin nümayişi və Festival iştirakçıları tərəfindən müzakirə olunması ilə bitib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az