Xəzər sahilindəki oazisə dəvət – Bakıda hər biriniz üçün unudulmaz bir macəra – VİDEO

26 Avqust 2025 15:23

5-7 sentyabr tarixlərində Bakıda ilin ən gözlənilən rəqs hadisələrindən biri - Azərbaycan Rəqs İttifaqı (AzDC) və Beynəlxalq Rəqs Şirkəti SRDS-in (Smooth & Rhythm Dance Style, prezident - Olqa Krasnyanskaya) təşkilatçılığı ilə keçiriləcək WADF (World Artistic Dance Federation) üzrə artistik bal rəqsi (Smooth) üzrə Dünya Çempionatı və WADF üzrə bütün üslublar üzrə Dünya Kuboku baş tutacaq.

Bu möhtəşəm tədbir ərəfəsində dəfələrlə dünya və beynəlxalq yarışların çempionu, AzDC Katibliyinin rəhbəri Eldar Cəfərov dünya ictimaiyyətinə müraciət edərək hamını Bakıya dəvət edib və yarışların keçiriləcəyi məkandan - Baku Marriott Hotel Boulevard-dan söz açıb:

"Bura Odlar Yurdudur, rəqs edən ruhların məkanı, arzularımızın torpağıdır. Mütləq şəkildə Azərbaycanın bu gözəl guşəsini ziyarət etməlisiniz. Bu, rəqsin bütün arzularınızı gerçəkləşdirəcəyi bir oazisdir. Hər biriniz üçün şübhəsiz ki, heyrətamiz bir macəra olacaq. Siz Bakının və Xəzər dənizinin gözəlliyindən zövq alacaqsınız", - deyə E. Cəfərov vurğulayıb.

Yarışlar çərçivəsində bütün istiqamətlər təqdim olunacaq - salon və latın rəqslərindən tutmuş teatr və artistik rəqsə, xalq rəqslərinə, street-dance, hip-hop və bir çox digər üslublara qədər.

World Artistic Dance Federation (WADF) - artistik rəqsin inkişafına, ifadə azadlığına və yarış proqramlarında innovativ yanaşmaya yönəlmiş aparıcı beynəlxalq rəqs təşkilatlarından biridir. Federasiya dünyanın hər yerindən rəqqasları bir araya gətirərək yaradıcılıq, yarış və mədəni mübadilə üçün unikal platforma yaradır.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az