Paşinyan Bakı ilə razılaşmadan DANIŞDI

25 Avqust 2025 14:27

Ermənistan ilk dəfə olaraq, beynəlxalq hadisələrə uyğunlaşmağa başlayıb.

Milli.Az  xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Ən böyük problemlərimizdən biri o olub ki, ölkəmizin yaşadığı nəzəriyyələr adətən elita tərəfindən formalaşdırılıb və ictimaiyyətə öyrədilib. İndi bunun əksinin baş verdiyi dövrdə yaşayırıq: nəzəriyyələr xalqın şüurunda mayalanır, sonra xalqın nümayəndələri onları formalaşdırır və həyata keçirirlər. Bu prosesin üzvi təbiətini tam şəkildə qoruyub saxlamağımız çox vacibdir", - baş nazir bildirib.

N.Paşinyan Ermənistanın uzun illər müasir dünyanın şərtlərinə uyğun gəlməyən siyasət yürütdüyünü də söyləyib:

"Tariximiz boyu yaşadığımız bütün fəlakətlərin xüsusiyyətlərini öyrənərkən belə qənaətə gəldik ki, biz, bir qayda olaraq, heç vaxt tariximizin tempini beynəlxalq proseslərin tempi ilə eyniləşdirə bilməmişik.

Vaşinqtonda baş verənlər (Azərbaycan-Ermənistan razılaşması) o deməkdir ki, artıq Ermənistanın siyasətinin taktikası müəyyən beynəlxalq proseslərə uyğunlaşıb, bu da son dərəcə vacibdir. Bu, beynəlxalq hadisələrə uyğunlaşmaq baxımından, bəlkə də, bir neçə əsr ərzində ilk real imkanımızdır və bu, son dərəcə mühüm mərhələdir". /Teleqraf

Milli.Az