"Sədərək"dəki yanğın bu səbəbdən olub - xəsarət alanların sayı 12 nəfərə çatdı - Yenilənib - FOTO

24 Avqust 2025 20:18

20:18

Avqustun 24-ü saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

---------
16:14

"Sədərək" ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

xxx

"Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatları açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev bildirib.

O, qeyd edib ki, yanğın anbarda baş verib. Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.

Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

"Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.

Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurça məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub", - o bildirib.

xxx

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Milli.Az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Əlavə məlumat veriləcək.

xxx

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. 

Milli.Az xəbər verir ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir. 

Əlavə məlumat veriləcək.

xxx

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Milli.Az xəbər verir ki, Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir. 

Əlavə məlumat veriləcək.

xxx

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

xxx

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Milli.Az