Zaurun verilişinə çıxan əmisini məhkəməyə verdi - QƏRAR

22 Avqust 2025 21:31

Efirdə qardaşı qızını ittiham edən şəxslə bağlı qərar verilib.

Milli.Az xəbər verir ki, Səbail rayon Məhkəməsi vətəndaş Zoya Əhmədovanın əmisi Buludxan Əhmədov haqqında xüsusi ittiham qaydasında şikayətinə baxıb.

Şikayətdə göstərilir ki, Zoya Əhmədova paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində anası ilə birgə yaşayıb. Anasının ayağı Sabunçu Tibb Mərkəzində amputasiya olunan zaman 45 gün həmin xəstəxanada valideyninə qulluq edib. Lakin tibb müəssisəsindən çıxandan bir gün sonra qadın dünyasını dəyişib.

Zoya Əhmədovanın əmisi Buludxan Əhmədov ATV kanalından yayımlanan aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində çıxışı zamanı qardaşı qızına ittihamlar səsləndirib. O, Zoya Əhmədovanın anasını döyə-döyə evi məcbur satdırdığını və qadının ölümündə qızının da əli olduğunu deyib.

Bu səbəblə də Z. Əhmədova əmisi haqqında Səbail rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib.

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərara alınıb ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata götürülməsindən imtina edilsin. (Lent.az)
 

Milli.Az