ABŞ hərbi dəstəyi minimal saxlayır - Avropa özü Ukraynanın müdafiəsini götürür

22 Avqust 2025 11:48

ABŞ və bir sıra Avropa ölkələrinin silahlı qüvvələrinin rəhbərləri Ukraynanın təhlükəsizliyinin təminatı məqsədilə mümkün hərbi tədbirlərlə bağlı variantları milli təhlükəsizlik üzrə məsləhətçilərə təqdim ediblər.

Milli.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Pentaqonun açıqlamasına görə, ABŞ və Avropanın hərbi planlaşdırma üzrə mütəxəssisləri tərəfindən hazırlanan variantlar hazırda müttəfiq ölkələrin milli təhlükəsizlik məsləhətçiləri tərəfindən nəzərdən keçirilir.

ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynanın müdafiə qurumlarının rəhbərləri bu həftə çərşənbə axşamından cümə axşamına qədər Vaşinqtonda bir sıra görüşlər keçiriblər. Məsələyə yaxın mənbənin bildirdiyinə görə, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Avropa rəsmiləri ilə telekonfrans formatında görüşərək hazırlanan variantları müzakirə edib.

Məlumata əsasən, Rubio Böyük Britaniyanın milli təhlükəsizlik üzrə məsləhətçisi Conatan Pauell, Avropa Komissiyası prezidentinin aparat rəhbəri Björn Zaybert, NATO baş katibinin aparat rəhbəri Ceffri van Leuven və Almaniya, Fransa, İtaliya, Finlandiya kimi ölkələrin təhlükəsizlik nümayəndələri ilə danışıqlar aparıb.

"Reuters" mənbələrinin verdiyi məlumata görə, hazırda planın yekun detallar üzərində iş aparılır. Lakin ilkin mərhələdə razılaşdırılıb ki, Ukraynanın təhlükəsizliyinin təmin olunmasında əsas yük Avropa ölkələrinin üzərinə düşəcək.

Agentliyin digər mənbəsinin bildirdiyinə görə, planlaşdırma prosesi davam edir və Vaşinqton hələ də bu prosesdəki rolunun miqyasını dəqiqləşdirir.

Variantlardan biri kimi Avropa qoşunlarının Ukraynaya göndərilməsi və onların idarə olunmasının ABŞ tərəfindən həyata keçirilməsi nəzərdən keçirilir. Eyni zamanda ABŞ-ın hava dəstəyi müxtəlif formalarda təmin oluna bilər - Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi və ya ABŞ qırıcıları vasitəsilə uçuşsuz zonanın yaradılması da bu imkanlar sırasındadır.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens daha əvvəl açıqlamasında, Ukraynanın təhlükəsizlik təminatına çəkilən əsas maliyyə yükünün Avropa ölkələrinin üzərinə düşməli olduğunu bəyan etmişdi.

Bundan əlavə, mediada yayılan məlumatlara görə, ABŞ bu prosesdə yalnız "minimal" rol oynamağı planlaşdırır.

Kənan
Milli.Az