Azərbaycanın ilk Konstitusiyasının qəbulu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır - Kamran Əliyev

22 Avqust 2025 10:20

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu müstəqil və müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda Laçın rayonunda keçirilən

beynəlxalq konfransda deyib.

K. Əliyev bildirib ki, Azərbaycan Konstitusiya layihəsini hazırlamaq üçün Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradılmışdır.

"Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra, 1995-ci il noyabrın 12-də keçirilən və seçicilərin 86 faizinin iştirak etdiyi 91,9 faiz səs çoxluğu ilə referendumda qəbul edilmiş və 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

5 bölmə, 12 fəsil, 158 maddədən ibarət müstəqil Azərbaycanın Konstitusiyası Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu müəyyən etməklə yanaşı insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirir, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyur. Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil etməklə yanaşı, həmçinin ölkəmizin ümumbəşəri qəbul edilmiş demokratik ideya və prinsiplərə sadiqliyinə dəlalət edir".

Milli.Az