Rəqsanə ev dustaqlığına buraxılacaq? - Vəkili danışdı

21 Avqust 2025 15:50

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Milli.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı qərar qəbul olunaraq Rəqsanə İsmayılovanın şikayəti təmin olunmayıb.

Müğənni barədə birinci instansiyanın seçdiyi həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Onun həbsinin ev dustaqlığı ilə əvəz olunması sualına cavab olaraq vəkili Hikmət Əliyev Baku Tv-yə bildirib ki, bununla bağlı növbəti mərhələlərdə tərəfimizdən müraciət olunacaq:

"Onunla bağlı xəstəlik kağızları və müəyyən sənədlər təqdim edildikdən sonra yenidən ev dustaqlığı ilə bağlı müraciət edəcəyik. Rəqsanə xanımın ev dustaqlığına buraxılması üçün kifayət qədər əsaslar var. Düşünürəm ki, növbəti dəfə biz buna nail olacağıq".

Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Asya
Milli.Az