"Dönər bu gündən sabaha qaldısa, onu hansı şəraitdə saxlayırsan-saxla, çirklənir. Bu gündən sabah qalan dönərlər satışa yararsızdır".
Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Şəmkir rayonunda 20 nəfərin dönərdən zəhərlənməsinin səbəblərindən danışarkən deyib. Sədr bütün dünyada qida zəhərlənməsinin mövcud olduğunu xatırladıb:
"Azərbaycan da bundan geri qalmır. Qida Təhlükəsizliyi Agentliyinin rəsmi statistikasına baxsaq, Azərbaycanda zəhərlənmə ümumdünya göstəricisindən 1400 dəfə azdır. Bu, yalançı statistikadır. Aidiyyatı qurumlar bu yalançı statistikaya baxıb həzz alırlar. Məhşur iqtisadçı Adam Smit deyir ki, mən 3 yalan tanıyıram - yalan, ağ yalan və statistika... Mətbuatdan oxuduğumuz zəhərlənmələri üst-üstə gəlsək, görəcəyik ki, dünya statistikasına uyğundur".
Sədr bunun köklü səbəbini belə açıqlayıb:
"Azərbaycan istehlakçı hüquqları bərbad vəziyyətdədir. Təsadüfü deyil ki, bu ilin martın 3-də Milli Məclisdə Ombudsmanın 101 səhifəlik illik hesabatı dinlənilib. Mən də həmin iclasdaydım, orada bir kəlmə də olsun istehlakçı sözü yoxdur. İstehlakçı hüququna insan hüququnun tərkib hissəsi kimi baxılmır. Elə həmin günü 15 nəfər spirtli içki qəbul edib ölmüşdü. Bunu mən Milli Məclisdə səsləndirdim. İstehlakçı hüquqlarına insan hüquqlarının tərkib hissəsi kimi baxılmır və 1995-ci ildə qəbul olunan istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun dəyişdirilmir. Üstəlik Qida Təhlükəsizliyi Agentliyinin apardığı iş zəruri olsa da, kafi deyil. Yəni gedirlər yoxlayırlar, elə bir sənəd qoymurlar ki, istehlakçı onu soruşanda bilsin ki, AQTA bura nəzarət edir. Heç kəs deyə bilməz ki, dönərxanaların divarında asılan kağızlar orada bişən dönərə aiddir, ya yox. Təsadüfi deyil ki, neçə il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi regionlardan at, eşşək, ölmüş heyvan ətlərinin Bakıya daşınmasını ifşa və "Leş Tofiq" kimi birini həbs etdi".
Eyyub Hüseynov DİN-ə geniş səlahiyyətlərin verilməsinin vacibliyini vurğulayıb:
"Toyuq əti tez çirklənir, zəhərlənmə bundan ola bilər. Lakin zəhərlənmə hallarına gəldikdə, xüsusən mal əti pis qoxu verir, göyərir, ona heç pişik də yaxın durmur. Dönərdə digər kompanentlər var - mayonez, ketçap və s. - zəhərlənmədə bunların da rolu var. Qida Təhlükəsizliyi Agentliyi elə bir iş aparmalıdır ki, istehlakçı yaxınlaşanda orada sənəd görsün. Sertifikat deyilən bir anlayış yoxdur. AQTA-nın əl-qolu açılmalıdır. Onların cəld yoxlama mexanizmi yoxdur. Gərək hansı dönərxanaya gedəndə qabaqcadan xəbərdarlıq eləsinlər".
Sədr AQTA-nın əsasnaməsində dəyişiklik edilməsini vacib hesab edir:
"Nə qədər ki, bu məsələlər həll olmayıb, zəhərlənmələr davam edəcək".
Qeyd edək ki, avqustun 20-də zəhərlənmə əlamətləri ilə 20 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Göstərilən tibbi yardımdan sonra 15 nəfər ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir.
Milli.Az