Xiyar sortları getdikcə bahalaşır, sentyabrda qiymətlər daha da qalxacaq

21 Avqust 2025 16:14

Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.

Hazırda Bakıda marketlərdə "yelpənək" xiyar sortunun bir kiloqramı 1 manat 60 - 1 manat 80 qəpik arasında təklif olunur. "Tikanlı" kimi tanınan turşuluq xiyarın isə bir kiloqramı 1 manat - 1 manat 20 qəpik arasında satılır. Satıçılar bunun səbəbini bölgələrdəki hava şəraiti ilə əlaqələndirir. 

Masallı rayon sakini, fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda turşuluq xiyarın sahədən topdansatış qiyməti 70, hamar xiyar sortu isə 1 manata təklif olunur: 

"Yelpənək" xiyar sortu isə xəstəliklə qarşılaşdı, tağlar vaxtsız öldü. Normalda 13-17 dəfə xiyar yığımı olurdusa, hazırda bu rəqəm 6-7 arasındadır". 
Fermerin sözlərinə görə, bu il xiyar məhsuldarlığı çox aşağı olub:

"Bu səbəbdən xiyar qıtdır. Hələ sentyabr ayında bir az da bahalaşacaq".

Milli.Az