Zelenski Putinin bu təklifini dərhal rədd etdi - YENİLƏNİB

19 Avqust 2025 21:57

21:57

Rusiya Prezidenti Vladimir Putin, Ağ Evdə keçirilən tarixi zirvədən sonra ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı, Zelenskinin də qatılacağı bir sülh zirvəsinin Moskvada təşkil olunmasını təklif edib. Ukrayna lideri Zelenskinin isə bu təklifi dərhal rədd edib.

Ağ Evə yaxın mənbələr isə Avropa liderlərinin Putinin bu təklifinin uyğun bir fikir olmadığını Trampa çatdırdıqlarını qeyd ediblər.

Tramp, Putin və Zelenski ilə bağlı gözlənilməz məqamlara dair verilən suala cavab olaraq:

"Bəlkə də düşündüyümdən daha yaxşı anlaşmaları ola bilər," - deyib.

O, Avropa liderlərinin ABŞ-yə hörmət göstərdiyini, bir il əvvəl vəziyyətin belə olmadığını vurğulayaraq, Rusiya-Ukrayna müharibəsinin bitməsini istədiyini bir daha təkrarlayıb. Putin və Zelenskinin mümkün görüşünə dair isə belə deyib:
"Əvvəlcə ikisi bir araya gəlsin. Onlar tam olaraq dost sayılmırlar."

Tramp, Putinlə Avropa liderlərinin qarşısında görüşmədiyini, çünki "aralarında çox da isti münasibətlərin olmadığını" qeyd edib:

"Ümid edirəm, Prezident Putin yaxşı davranar. Əks halda çətin vəziyyət olacaq. Ümid edirəm, Zelenski də etməli olduğunu edər. Onun da (sülh məsələsində) bir az elastiklik göstərməsi lazımdır," - deyib.

Tramp, Putin və Zelenski arasında əlaqə qurulmasına dair "bir növ vasitəçilik etdiyini" vurğulayaraq deyib:

"Qərarları onlar verirlər. Hər şey yolunda getsə, birlikdə görüşərək də məsələni bağlaya biləcəyimizi dedim, amma bilirsiniz, bu vəziyyətdə tango etmək üçün iki nəfər lazımdır."

Trump, Rusiya-Ukrayna müharibəsini "İkinci Dünya Müharibəsindən bəri görülən ən böyük faciəvi vəziyyət" adlandıraraq, bu prosesdən "hamının yorulduğunu" bildirib. ABŞ Prezidenti əlavə edib:

"Amma kim bilir. Qarşıdakı bir neçə həftə ərzində Putin haqqında sizə deyə biləcəyim hər şeyi öyrənəcəyik və işlərin hara gedəcəyini görəcəyik."

--------
19:15


Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüşün Moskvada keçirilməsini təklif edib.

Milli.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, təklif Kremlin başçısı tərəfindən ABŞ Prezidenti Donald Trampla dünən gecə baş tutan telefon danışığı zamanı səsləndirilib.

Lalə Qüdrətova
Milli.Az