100 milyardlıq layihə uçurumun kənarında: Parislə Berlin liderlik üstündə çarpışır

19 Avqust 2025 10:04

Avropanın müdafiə sənayesində "strateji müstəqillik vitrini" kimi təqdim olunan nəhəng layihə indi sual altındadır. Söhbət altıncı nəsil döyüş təyyarəsi və bütöv inteqrasiya olunmuş hava hücum sistemi kimi nəzərdə tutulan FCAS proqramından gedir. İdeya sadə idi: ABŞ, Çin, Rusiya, Böyük Britaniya, İtaliya və Yaponiyaya meydan oxuya bilən texnoloji sıçrayış etmək. Amma Fransa ilə Almaniya arasında bitib-tükənməyən ziddiyyətlər layihənin taleyini kölgədə qoyur.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Əslində Parislə Berlinin müdafiə siyasəti məsələsində yolları çoxdan ayrılıb. Son siqnal Almaniyanın Ukrayna üçün ABŞ istehsalı silah almaq təşəbbüsü oldu. Fransa buna sərt qarşı çıxdı və "Avropa istehsalçılarına üstünlük verilməlidir" deyə israr etdi. Amma bu, sadəcə fon idi. Əsl qopan fırtına FCAS ətrafında başladı. Sən demə, kağız üzərində bərabərhüquqlu tərəfdaş görünən Dassault Aviation (Fransa), Airbus Defence and Space (Almaniya) və Indra (İspaniya) arasında balans çoxdan pozulub. Paris layihənin ipini tam əlinə almaq niyyətindədir və hətta silah ixracına veto hüququ qazanmağa çalışır. Berlin isə bunu açıq-aşkar "strateji monopoliyaya can atmaq" kimi oxuyur.

Siyasi yük isə danılmazdır. Almaniyanın getdikcə daha çox Vaşinqtona bağlanması Parisdə etimadı sarsıdır. ABŞ Boeing vasitəsilə öz altıncı nəsil qırıcılarını irəli verəndə Berlin bu təzyiqə qarşı dura biləcəkmi? Yoxsa FCAS, guya "Avropanın qüruru", əslində ABŞ maraqlarının kölgəsində köləyə çevriləcək? Başlanğıcda qoyulan məqsəd - amerikalıları aviasiya texnologiyasında tutmaq və keçmək - indi get-gedə dumanlanır.

Layihənin miqyası fantastikdir: 2040-cı ilə qədər 100 milyard avrodan çox. FCAS həm Rafale, həm də Eurofighter təyyarələrini əvəzləməli, üstəlik F-35-ə rəqib çıxmalı idi. Amma bu, təkcə bir təyyarə deyil, bütöv döyüş arxitekturasıdır: insanlı və pilotsuz təyyarələrin sinxron işi, bulud texnologiyaları ilə idarəetmə, süni intellekt dəstəyi ilə hava döyüşü. Qısası, Avropanın havadan müharibə məkanında yeni söz demək cəhdi.

Ancaq tarix göstərir ki, Avropada milli ambisiyaları bir çərçivədə birləşdirmək müşkül məsələdir. Britaniya vaxtilə eyni platformaya qoşulmuşdu, amma sonda İtaliya və Yaponiya ilə alternativ GCAP layihəsinə atıldı. İndi isə bəzi məlumatlara görə GCAP FCAS-dan sürətli irəliləyir. Deməli, Avropanın "vahid müdafiə xətti" arzu edilən kimi formalaşmır, əksinə, parçalanma dərinləşir. Hər kəs öz istehsalçısını önə çəkməyə, milli maraqlarını müdafiə etməyə çalışır.

FCAS-ın taleyi təkcə bir texniki proqram deyil, Avropanın müdafiə inteqrasiyasının sınağıdır. Əgər bu layihə dağılarsa, Avropa yalnız pullarını və vaxtını itirməyəcək, həm də yüksək texnologiyalar və təhlükəsizlikdə real strateji müstəqillik qazanmaq imkanını da əldən verəcək.

FCAS ətrafında bugünkü böhranın kökləri hələ 2021-ci ilə gedib çıxır. Məhz o vaxt Parislə Berlin arasında ilk açıq sürtünmələr üzə çıxdı. Fransa ciddi şəkildə qorxurdu ki, sifarişlərin bölgüsündə Almaniya və İspaniya birləşib proqramın üçdə ikisinə nəzarət qazana bilər. Bu isə Parisin lider mövqeyini ciddi şəkildə daraldacaqdı. Həmin il Almaniya müdafiə nazirliyinin gizli hesabatında açıq yazılırdı ki, "Fransanın güclü mövqeyi" altıncı nəsil qırıcının yaradılmasına əngəl törədir. Hətta sənəddə layihənin yeni nəsil sistemdən çox, "alman və ispan büdcələrinin hesabına maliyyələşdirilən Rafale-Plus"a çevrilə biləcəyi etiraf olunurdu.

Hazırda proqram texnologiyaların müəyyənləşdirilməsi və ilk təcrübə nümunəsinin hazırlanması mərhələsindədir. Bu mərhələyə təxminən 3,2 milyard avro ayrılıb, 2026-cı ilin yayına qədər başa çatdırılması planlaşdırılır. Əgər qrafik pozulmasa, 2029-cu ildə tam işlək prototipin təqdim olunması gözlənilir. Amma artıq bu gün sual doğur: tərəfdaşlar birlikdə həmin mərhələyə qədər gələ biləcəklərmi?

Fransada getdikcə daha açıq səslənən eyhamlar var: əgər üçtərəfli model iflasa uğrasa, Paris təkbaşına da davam etməyə hazırdır. Milli Assambleyada açıq suallar verilir: "Biz bunu tək edə bilərikmi?" Dassault Aviation rəhbəri Erik Trappier yaz sessiyasında deputatların qarşısında açıq dedi ki, sifarişlərin bərabər bölgüsü inkişafı əngəlləyir. Onun sözlərinə görə, FCAS əslində təyyarə və dronlardan ibarət vahid sistemdir, burada əsas məsələ texnoloji inteqrasiyadır, o isə yalnız sərt və mərkəzləşdirilmiş koordinasiya ilə mümkündür. "Əgər hamının üzərində vahid lider yoxdursa, qarşılıqlı iş sadəcə mümkün deyil", - deyə o vurğuladı.

Fransanın müdafiə naziri Sebastyan Lekornu da Milli Assambleyada sözünü açıq dedi: "Bizə rəhbərlik məsələsində səmimi müzakirə lazımdır. Üç ölkənin birgə təyyarə hazırlaması inanılmaz dərəcədə çətindir". Berlində bu bəyanatlar Parisin layihəni tam nəzarətə almaq cəhdi kimi oxundu. Almaniyanın aerokosmik ittifaqı BDLI Fransa tərəfini ittiham edərək bildirdi ki, gözəl şüarlar altında gizlənən məqsəd - layihəni Dassault-un maraqlarına tabe etdirməkdir.

Mübahisə artıq korporativ və ya sənaye çərçivəsindən çıxıb. FCAS siyasi simvola çevrilib və dövlət başçıları səviyyəsində müzakirə olunur. 24 iyulda Tegel gölündəki Villa Borzig iqamətgahında kansler Fridrix Merts və prezident Emmanuel Makron müdafiə nazirlərinə avqustun sonuna qədər layihənin gələcəyi üçün "real perspektiv" hazırlamağı tapşırdılar. Yekun plan 28-29 avqustda Toulonda keçiriləcək birgə hökumət iclasında təqdim olunmalıdır. Qəti qərarların isə ilin sonuna qədər verilməsi gözlənilir.

Almaniya müdafiə naziri Boris Pistorius Osnabrükdə Lekornu ilə görüşdə münaqişəni yumşaltmağa çalışdı. "Mən əminəm ki, Avropanın müdafiə qabiliyyətini gücləndirmək yalnız sıx fransız-alman əməkdaşlığı ilə mümkündür", - dedi o. Amma reallıqda hər iki paytaxt "birgə layihə" anlayışına tam fərqli prizmadan baxır.

Əsas məsələ artıq texniki deyil, siyasi və iqtisadi strategiyaların dərin fərqliliyidir. Kansler postuna Fridrix Mertsin gəlişi bu uçurumu daha da qabarıq göstərdi. Makron üçün FCAS Avropanın ABŞ-dan asılılığını qırmaq, "strateji muxtariyyət" ideyasını reallaşdırmaq deməkdir. Berlin üçünsə "Vaşinqtondan mərhələli şəkildə müstəqillik" şüarı daha çox diplomatik jestdir, nəinki real siyasət. Fakt budur ki, Almaniya son illər getdikcə daha çox ABŞ-la yaxınlaşır - istər gömrük sazişləri, istərsə də Ukrayna üçün ABŞ silahlarının alınması təşəbbüsləri.

Fransa isə gərginliyi artıran əlavə şərtlər irəli sürür. Paris istəyir ki, yeni təyyarənin mütləq aviadaşıyıcılara uyğun dəniz versiyası olsun. Almaniya üçünsə, aviadaşıyıcısı olmadığına görə, bu, prioritet deyil. Daha həssas məsələ isə FCAS-ın Fransanın nüvə silahını daşımaq qabiliyyətidir. Açıq müzakirə olunmasa da, bu məsələ kompromis yolunda əsas baryer ola bilər.

Xatırladaq ki, FCAS ideyası Donald Trampın prezidentliyinin ilk illərində meydana çıxmışdı. O vaxt Avropa ölkələri ABŞ-dan maksimum müstəqillik əldə etmək istəyirdi - həm siyasətdə, həm də müdafiə texnologiyaları və komplektləşdirici hissələrdə. Amma illər keçdikcə mənzərə dəyişdi: Almaniya hərbi-sənaye kompleksi daha da sıx şəkildə Amerika sisteminə inteqrasiya olundu.

F-35 nümunəsi çox şey deyir. Almaniya Lockheed Martin-dən təyyarələr sifariş etsə də, istehsalın bir hissəsinin öz ərazisində yerləşməsini tələb etdi. Nəticədə Düsseldorfda yerləşən Rheinmetall böyük həcmdə komponent istehsalı hüququ qazandı. Amma paradoks ondadır ki, şirkətin səhmlərinin üçdə birindən çoxu Şimali Amerika investorlarının əlindədir. Rheinmetall bu gün də ABŞ konsernləri ilə yeni ortaq layihələrə imza atır və bununla da xarici kapitaldan və texnologiyadan asılılığını möhkəmləndirir.

Eyni dinamika Airbus üçün də keçərlidir. FCAS-da Almaniyanın əsas iştirakçısı olan konsern uzun illərdir amerikalılarla əməkdaşlıq edir. Northrop Grumman-dan tutmuş Kratos-a qədər. 2025-ci ilin iyulunda Airbus Kratos-la yeni pilotsuz aparatların hazırlanması üzrə birgə layihəyə başladı. Üstəlik, Arlinqtonda, Vaşinqtonun qapısında artıq yarım əsrdir fəaliyyət göstərən Airbus U.S. Space & Defense Pentaqon, DARPA, NASA və digər strateji qurumlarla sıx işləyir.

Fransanın Dassault Aviation şirkəti isə tamamilə başqa mövqedədir. İki üçün bir hissəsi Dassault ailəsinə məxsus olan Groupe Industriel Marcel Dassault-un nəzarətində olan konsern ABŞ hərbi-sənaye kompleksi ilə məhdud əlaqələrə malikdir. Lockheed Martin-lə əməkdaşlığı da ancaq ikinci dərəcəli sahələrə - təlim trenajorları və simulyatorlara aiddir. Airbus-dan fərqli olaraq, Dassault ABŞ-da filial açmayıb və Amerika sisteminə inteqrasiya olunmayıb. Elə buna görə də Paris liderliyə bu qədər israr edir: Fransa FCAS layihəsini tənqidi texnologiyalara nəzarəti qorumaq, onların mahiyyətinin ABŞ maraqlarına qurban verilməməsi üçün tarixi şans sayır.

Ona görə də aydındır: Makronla Merts 2025-ci ilin sonuna qədər "realist perspektiv" planı təqdim edə bilsələr belə, köklü ziddiyyətlər qalacaq. FCAS sadəcə təyyarə deyil, Fransayla Almaniyanın strateji təfəkkür fərqlərinin aynasıdır.

Əsas mübahisə texnologiyaların bölüşdürülməsi məsələsindədir. Fransa əvvəldən açıq göstərdi ki, bütün işləmələri tərəfdaşlarla paylaşmağa hazır deyil. Daha 2021-ci ildə Dassault ilə Airbus arasında qopan kəskin toqquşmanın səbəbi də bu idi: Berlin kritik komponentlərə çıxış tələb edirdi, amma Paris bəzi texnologiyaları "qara qutu" formatında gizli saxlamaqda israr edirdi. Fransanın bu mövqeyi sadəcə prinsip yox, həm də tarixi təcrübədən qaynaqlanır: 1980-ci illərdə Dassault Eurofighter layihəsinə qoşulmaqdan imtina edib, Rafale-i təkbaşına yaratmışdı.

Mövcud gərginliyi Airbus Defence and Space rəhbəri Jan-Bris Dümontun son sözləri çox yaxşı təsvir edir. Onun etirafına görə, bir tərəfdaşdan digərinə keçid daim ziddiyyətlər yaradır: bu gün şirkət intellektual mülkiyyəti qorumaq məcburiyyətindədir, sabah isə onu bütövlüklə paylaşmalı olur. Airbus üçün normal olan texnologiyaların bölüşdürülməsi modeli ilə Dassault-un tələb etdiyi sərt nəzarət yanaşması arasında toqquşma - FCAS dramının mərkəzində dayanan paradoks budur.

Üstəlik, Dassault-un mövqeləri obyektiv olaraq güclüdür. Rafale artıq illərdir ixrac rekordsmeni sayılır: Hindistan, İndoneziya, BƏƏ, Misir, Serbiya - siyahı uzanır və tələbat sabit olaraq yüksəkdir. Rafale-in uğuru təkcə kommersiya zəfəri deyil, həm də Fransanın əlində siyasi təsir vasitəsidir. Ona görə də Parisdə sual haqlı şəkildə səslənir: əgər bu qədər stabil bazar payı və siyasi dividendlər varsa, niyə öz mövqeyini riskə atıb, liderlik itirmək təhlükəsi olan layihəyə bağlanasan?

Məsələni bir az da qızışdıran yeni oyunçular oldu. 2024-cü ildə Belçikaya müşahidəçi statusu və proqram məlumatlarına çıxış verildi. Rəsmi izah - Lockheed Martin-dən F-35 alışında yaranan problemlər idi. Amma əslində məqsəd Brüsseli Avropa orbitində saxlamaq idi. Dassault-un reaksiyası sərt oldu: Erik Trappier açıq şəkildə bəyan etdi ki, Belçika F-35-dən imtina etməsə, onun FCAS-da iştirakı layihəni fars-a çevirir. Belçikanın müdafiə naziri Teo Franken isə daha da sərt cavab verdi: NATO və Aİ üzvü olan ölkəsinə "təkəbbürlü sənayeçilərin" öyüd-nəsihəti lazım deyil.

Bu cür qarşıdurma istər-istəməz sual doğurur: bəlkə Dassault özü layihəni iflasa aparmaq oyunu oynayır? İqtisadi baxımdan bu, tamamilə rasional görünür. Şirkət FCAS-sız da özünü güclü hiss edir. Altıncı nəsil təyyarəni müstəqil hazırlamağa keçsə, faktiki olaraq monopoliya qazanacaq - ixracda nə bürokratik məhdudiyyət, nə də mürəkkəb razılaşdırmalar qalacaq.

Deməli, gizli məlumatların bölüşdürülməsi ətrafındakı mübahisə texniki detallardan daha böyükdür. Bu, fundamental seçimi göstərir: Avropa ümumi müdafiə kimliyinə doğru addımlayırmı, yoxsa hər dövlət yenidən milli layihələrinə qayıdır? Və bu dönüşün katalizatoruna çevrilmək potensialına sahib olan da məhz güclü kommersiya portfeli ilə Dassault-dur.

FCAS-ın taleyində həlledici faktor, əslində, puldur. Fransa son anda layihədən çıxmasa belə, onun gələcək trayektoriyasını maliyyə məsələsi müəyyənləşdirəcək. Texnoloji baxımdan Paris proqramı təkbaşına da apara bilər, amma iqtisadi baxımdan bu, çiyinlərə sığmayan yükə çevriləcək. Rəsmi sənədlərdə göstərilən təqribən 100 milyard avroluq rəqəm gerçək hesablamadan çox, siyasi kompromisə bənzəyir.

Greenpeace-in araşdırmasına görə, təyyarənin bütün həyat dövrünü hesablasaq, söhbət on milyardlardan yox, trilyonlardan gedir. Analitiklər xəbərdarlıq edirlər: istismar xərcləri həmişə az göstərilir, halbuki məhz onlar ümumi xərcin əsas hissəsini təşkil edir. 2070-ci ilə qədər FCAS-ın qiyməti 1,1 ilə 2 trilyon avro arasında dəyişə bilər. Müdafiə konsernləri üçün bu, fantastik gəlirlər vəd edir, Avropa vergi ödəyiciləri üçünsə amansız yük deməkdir.

Bu fonda İspaniya artıq simvolik addım atdı: ABŞ istehsalı F-35-lərdən imtina etdi və açıq şəkildə bildirdi ki, gələcək ya Eurofighter-ə, ya da FCAS-a bağlı olacaq. Bu qərar layihənin siyasi çəkisini artırsa da, əsas məsələni həll etmədi: əsas maliyyə yükünü kim üzərinə götürəcək?

Almaniya isə FCAS-ın gələcəyini başqa bir böyük fransız-alman təşəbbüsü - MGCS tank proqramı ilə bağlamağa çalışır. Burada əsas rol Rheinmetall-a məxsusdur. Müdafiə naziri Boris Pistorius 24 iyulda bəyan etdi ki, MGCS və FCAS Parislə Berlinin tərəfdaşlığını simvolizə etməli, "milli eqoizmin" girovuna çevrilməməlidir. O, hər iki layihəyə "tam və yekdil dəstəyi" vurğuladı, amma hələlik bunlar ancaq söz olaraq qalır.

Reallıq isə budur: həm FCAS, həm də MGCS dağılmaq astanasında sürünür. Əgər Fransa bu dəfə - 1980-ci illərdən fərqli olaraq - ümumi proqramda qalmaq qərarına gəlsə, layihənin taleyini bircə şey həll edəcək: Almaniyanın məhdudiyyətsiz maliyyələşdirməyə hazır olub-olmaması. Çünki qarşıdakı illərdə hərbi xərcləri dəfələrlə artırmağı planlaşdıran məhz Berlindir. Və bu seçimdən asılı olaraq, FCAS Avropanın texnoloji müstəqilliyinin simvoluna çevriləcək, ya da kağız üzərində qalan, həyata keçməmiş iddialı xəyallardan biri olacaq.

Milli.Az