ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə görüşlərinin məqsədlərini açıqlayaraq bildirib ki, onlar Ukrayna üçün təhlükəsizlik təminatlarının icrasında "kim nə edəcək" sualını və müharibəni sona çatdırmaq üçün "mümkün torpaq mübadilələrini" müzakirə edəcəklər.
"Prezident Putin razılaşıb ki, Rusiya Ukrayna üçün təhlükəsizlik təminatlarını qəbul edəcək. Bu, nəzərdən keçirməli olduğumuz əsas məqamlardan biridir və biz bunu masada müzakirə edəcəyik," Tramp deyib.
"Ümid edirəm ki, kollektiv şəkildə Ukraynaya qarşı gələcək hər hansı bir təcavüzü əngəlləyəcək razılığa gələ bilərik və əslində belə bir təcavüz olmayacağını düşünürəm," deyə prezident əlavə edib.
Prezident bildirib ki, torpaq güzəştləri məsələsi "mövcud təmas xəttini nəzərə alaraq" müzakirə olunacaq.
Çıxışının əvvəlində Trump Zelenskiyə müraciət edərək deyib:
"Mənim hissim belədir ki, sən və Prezident Putin hansısa razılaşmaya gələcəksiniz. Axırda bu, yalnız Prezident Zelenskinin və Ukrayna xalqının, həmçinin Prezident Putinlə birlikdə razılaşaraq verə biləcəyi qərardır. Mən sadəcə düşünürəm ki, buradan çox yaxşı nəticələr çıxacaq."
Kontekst: Təhlükəsizlik şərtləri Ukraynanı NATO-ya üzv etmədən qorumağı hədəfləyən kompromis ola bilər - Rusiya uzun müddətdir ki, Ukraynanın NATO-ya qəbulunu qəbuledilməz sayır.
Trampın xüsusi elçisi Steve Witkoff daha əvvəl bu təminatları NATO ölkələrinə verilən "5-ci maddəyə bənzər müdafiə" kimi təsvir etmişdi.
Lalə Qüdrətova
Milli.Az