Havaların hər keçən gün daha da isinməsi təkcə insan sağlamlığına deyil, texnoloji cihazlara da mənfi təsir göstərir. Xüsusilə yay mövsümündə mobil telefonlar yüksək temperatur səbəbindən zədələnə və ya düzgün işləməyə bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, birbaşa günəş şüası altında qalan smartfonların daxili sistemləri zərər görə bilər.
Telefonun həddindən artıq qızması prosessorun yavaşlamasına, batareyanın şişməsinə və ya cihazın gözlənilmədən sönməsinə səbəb ola bilər.
Bundan əlavə, mobil cihazların avtomobildə, xüsusən də şüşə altında unudulması, onların qısa zamanda kritik dərəcədə qızmasına yol aça bilər. Bu isə həm cihazın ömrünü azaldır, həm də təhlükə yarada bilər.
Telefonunuzu yay istisindən qorumaq üçün tövsiyələr:
Cihazınızı birbaşa günəş işığında saxlamayın.
Avtomobildə telefonu qapalı vəziyyətdə və ya günəş altında qoymayın.
Qalın və hava keçirməyən telefon qablarından yayda mümkün qədər istifadə etməyin.
Telefon çox qızdıqda istifadəni dayandırın və onu kölgəli, sərin yerə qoyun.
Qızma halında enerji tutumlu tətbiqləri və oyunları dərhal bağlayın.
Mütəxəssislər həmçinin bildirirlər ki, havanın temperaturu 35°C-dən yuxarı olduqda telefonlar artıq normal işləmə rejimini itirə bilər. Bu səbəbdən yay aylarında cihazların istifadəsində diqqətli olmaq vacibdir.
Asya
Milli.Az