2023-cü ildə dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiyada insanların xoşbəxtlik sirri ortaya çıxıb.
Milli.Az xarici mətbauat istinadən xəbər verir ki, beş ildir ardıcıl olaraq "Dünya Xoşbəxtlik Hesabatı"nda birinci yeri tutan Finlandiyanın bu uğurunun səbəbləri psixoloq və filosof Frank Martela tərəfindən izah edilib.
O, insanların daha xoşbəxt və mənalı həyat yaşamaları üçün riayət etməli olduqları üç əsas qaydanı açıqlayıb.
1. Başqalarına yaxşılıq et
Martelaya görə, hər gün başqalarına kömək etməyə çalışmaq insanın daxilində xoşbəxtlik hissini artırır. Ətrafımızda bizi sevən və dəyər verən insanların olması vacibdir. "Kiməsə yardım etdikdə və onun həyatına müsbət təsir göstərdikdə, bu həm daxili rahatlığı, həm də xoşbəxtliyi artırır", - deyə o bildirir.
2. Məqsədli yaşa
Həyatda bir məqsədə sahib olmaq insanı daha güclü və dayanıqlı edir. Martela qeyd edir ki, məqsəd tapmaq asan olmasa da, cəmiyyətə faydalı olacaq hədəflərə yönəlmək böyük motivasiya verir. Bu, xüsusilə çətin anlarda insanın ayaqda qalmasına kömək edir.
3. Bağlılıq hissi yarat
İnsan bir yerə, insana və ya ideyaya bağlı olduqda, həyatına daha çox dəyər verir. Sevdiyiniz bir məkana və ya insana bağlılıq yaşamaq sevincinizi artırır. Tədqiqatlar göstərir ki, ailə və dostlarla keyfiyyətli vaxt keçirmək insanın ümumi rifahını və xoşbəxtlik səviyyəsini yüksəldir.
Kənan
Milli.Az