Türkiyədə meşə yanğınını söndürməyə gedən şəxs həlak oldu

13 Avqust 2025 15:08

Osmaniyedə Həsənbəyli rayonunda meşə yanğını zamanı alovla mübarizə aparan su maşını qəza törədib.

Milli.Az xəbər verir ki, qəza nəticəsində bir işçi həlak olub, bir işçi isə yaralanıb. Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı şəhid olan işçinin Adəm Nazım Dəmirəl olduğunu açıqlayıb.

Yanğın dünən saat 16:00 radələrində naməlum səbəbdən başlayıb və küləyin təsiri ilə ətraf zeytun bağlarına və kolluğa yayılıb. Sakinlərin məlumatı əsasında Meşə Regional Müdirliyinə aid helikopterlər, su maşınları və işçilər əraziyə göndərilərək alovun yaşayış məntəqələrinə və meşəyə keçməsinin qarşısını alıb.

Küləkdən yaranan yanğın saat 22:00 radələrində quru və hava qüvvələri tərəfindən nəzarət altına alınıb. Faciə zamanı su maşını aşaraq Adəm Nazım Dəmirəlin həyatına son qoyub, digər işçi isə yaralanıb.

Yanğınla mübarizə işləri və soyutma tədbirləri davam edir.

Milli.Az