Səhər yeməyi günə enerjili başlamağın əsas açarıdır. Bəs maksimum enerji əldə etmək üçün yüngül və tez hazırlanabilən smuzi, yoxsa qidalandırıcı yulaf sıyığı seçilməlidir?
"Real Simple"in təqdim etdiyi məlumatlara əsasən hər iki seçimə nəzər salaq.
Səhər yeməyi üçün yulaf sıyığının faydaları
Diyetoloq Loren Tvig bildirir ki, yulaf sıyığı çox yayılmış səhər yeməyidir və uzunmüddətli enerji vermək baxımından əla seçim ola bilər. Bərk formada olduğu üçün daha yavaş həzm olunur və sizi daha uzun müddət tox saxlamağa kömək edir.
Yulaf beta-qlükan adlı həll olan liflə zəngindir. Bu maddə "pis" xolesterinin səviyyəsini azaltmağa, bununla da ürək-damar xəstəliklərinin riskini endirməyə kömək edə bilər.
Yulafdan maksimal enerji almağın əsas yolu balanslı kasa hazırlamaqdır. Bu isə əlavə şəkərdən qaçmaq və zülal miqdarını artırmaq deməkdir.
Ən yaxşısı yulafı meyvə və giləmeyvələrlə tamamlayın. Zülalı artırmaq üçün su əvəzinə süd istifadə edin və üzərinə bir yumurta əlavə edin. Qoz-fındıq və yunan yoqurtu da yaxşı əlavələrdir.
100 q yulaf sıyığının tərkibi:
Kalori: 102
Karbohidrat: 18.3 q
Lif: 2.73 q
Zülal: 3.56 q
Yağ: 1.76 q
Səhər üçün smuzinin faydaları
Ekspertin sözlərinə görə, smuzi həm meyvələr, liflər, həm də fitonutrientlər baxımından zəngindir. Zülal və digər doydurucu qidalarla bol ola bilər və həmçinin bağırsaq mikroflorasının sağlam inkişafına töhfə verə bilər.
Smuzinin protein və lif tərkibini artırmaq üçün süd məhsulları, qoz yağı, toxumlar, yunan yoqurtu və yaşıl yarpaqlı tərəvəzlər əlavə etmək məsləhətdir. Bu həm də sağlam yağlar qazandırır və meyvələrin yüksək karbohidrat miqdarını balanslaşdırmağa kömək edir.
350 qramlıq çiyələk, banan və az yağlı yoqurtla hazırlanan smuzinin tərkibi:
Kalori: 226
Karbohidrat: 52 q
Lif: 3.12 q
Zülal: 2.98 q
Yağ: 0.49 q
C vitamini: 18 mq
B6 vitamini: 0.38 mq
Hansının enerjisi daha çoxdur?
Yulaf bərk, smuzi isə maye qidadır. Bu fərq onların həzm sürətinə təsir göstərir. Smuzilər daha tez həzm olunur, çünki çeynəmə tələb etmir.
Buna qarşılıq olaraq, yulaf sıyığı daha yavaş həzm olunur və uzun müddət toxluq hissi verir.
Sürətli və yüngül həzm olunan bir səhər yeməyi istəyirsinizsə, smuzi yaxşı seçimdir. Amma gün ərzində tox qalmaq istəyirsinizsə, o zaman yulaf sıyığı daha əlverişlidir.
Nəticə: Hansını seçməyinizdən asılı olmayaraq, səhər yeməyinizdə zülal, lif və sağlam yağların yetərli miqdarda olduğundan əmin olun.
Kənan
Milli.Az