Bu məktəbin şagirdləri müəllimin qorxusundan dərsə getmək istəmir

12 Avqust 2025 13:12

Bakı şəhəri, Elşən Yəhyayev adına 56 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Tünzalə Aloyevanın uşaqlara şiddət göstərdiyi iddia olunub.

Milli.Az xəbər verir ki, bu barədə sözügedən məktəbin valideyni oxu.az-a ünvanladıqları şikayətdə qeyd edib.

Bildirilib ki, müəllimənin uşaqlara kobud rəftarı nəticəsində şagirdlərin bir neçəsi psixoloqa getmək məcburiyyətində qalıb.

"Oğlum məktəbi çox sevirdi, həvəslə gedirdi. Lakin oxuduğu bir il ərzində uşağım çox stres keçirib. İndi elə vəziyyətə gəlib ki, o, ikinci sinfə başlamaq istəmir. Mən övladımı başa düşürəm. Özüm də həmin müəllimənin uşaqlara qarşı amansız rəftarının bir neçə dəfə şahidi olmuşam. Məktəbə yeni qədəm qoyan azyaşlılara qışqırmaq, hətta üzərinə əşyalar atmaq, alnına kitab vurmaq ağlasığmaz davranışdır, bu, bir sözlə dəhşətdir. Müəllimə uşaqların əməyini yox sayıb, hər yolla alçaldıb. Valideynlərin yanında belə utanmadan nalayiq davranışlar edib. Valideynlər hamısı direktora şikayət edib, lakin heç bir nəticə verməyib. Müəllimənin səhhəti əsas gətirilərək işdən çıxarılmır".

Valideyn övladını paralel sinfə keçirmək istədiyini deyəndə ona həmin sinifdə yer olmadığı söylənilib:

"Paralel sinifdə 40 şagird var. Biz rəsmi şəkildə xahiş etsək də, bizi köçürmürlər".

Elşən Yəhyayev adına 56 saylı orta məktəbdən isə bildirilib ki, sözügedən məsələ ilə bağlı ötən tədris ilinin sonunda valideynlərlə görüş keçirilib:

"Görüşdə səsləndirilən valideyn rəyləri nəzərə alınaraq müəlliməyə müvafiq qaydada şifahi xəbərdarlıq edilib və uyğun tövsiyələr verilib.

Onu da qeyd edək ki, məktəbin paralel sinfində şagird sıxlığı səbəbindən şagirdlərin həmin sinfə yerdəyişməsi mümkün olmur.

Növbəti dərs ilindən məktəbdə tədris mühitinin və müəllim-şagird-valideyn münasibətlərinin daha da yaxşılaşdırılmasına nəzarət tədbirləri gücləndiriləcək".

Milli.Az