Xoşbəxt ailə həyatı üçün əsas bacarıq hansıdır?

12 Avqust 2025 10:56

Ailə münasibətlərində tarazlığı qorumaq üçün kompromisə getmək uzun illərdir əsas prinsiplərdən biri sayılır. Lakin mütəxəssislər bildirirlər ki, uzunmüddətli və sağlam evlilik üçün bundan daha vacib və təsirli bir bacarıq var, koqnitiv səxavət.

Milli.Az xəbər verir ki, bu barədə bu barədə "Forbes" nəşri məlumat yayıb.

Koqnitiv səxavət, tərəfdaşın davranışlarını, sözlərini və niyyətlərini mümkün olan ən müsbət və anlayışlı şəkildə şərh etmək vərdişidir. Başqa sözlə, gündəlik həyatın stres və xaos dolu anlarında belə, qarşı tərəfin hərəkətlərinə yaxşı niyyətlə yanaşmaq və onları sevgi prizmasından görməkdir.

Bu yanaşmada diqqət tərəfdaşın nəyə güzəştə getdiyinə deyil, onun davranışlarının arxasındakı niyyətə yönəlir. Psixoloqlar qeyd edirlər ki, bu düşüncə tərzini mənimsəyən cütlüklər münasibətlərində daha çox yüngüllük, anlayış və yaxınlıq hiss edirlər.

Koqnitiv səxavət mübahisələrin qarşıdurmaya yox, birgə inkişaf fürsətinə çevrilməsinə kömək edir. Belə münasibətdə xırda anlaşılmazlıqlar böyümür, əksinə, qarşılıqlı anlayışla həll olunur. Nəticədə tərəflər arasında emosional bağ güclənir, gündəlik həyatın içində belə mehribanlıq qorunur.

Araşdırmalar da bunu təsdiqləyir. 2018-ci ildə "Social Psychological and Personality Science" jurnalında dərc olunan bir tədqiqata görə, sadəcə kompromisə əsaslanan münasibətlərdə bir tərəf zamanla özünü dəyərsiz hiss edə bilər. Fədakarlığın qarşı tərəf tərəfindən yetərincə qiymətləndirilməməsi münasibətdə narazılıq və emosional uzaqlaşma yarada bilər.

Əvəzində isə koqnitiv səxavət daha dayanıqlı və dərin əlaqələr qurmağa imkan verir. Bu, səhər üçün hazırlanan qəhvə, qəfil göndərilən sevgi mesajı və ya sadəcə dinlənilmək kimi gündəlik, amma mənalı jestlərlə özünü göstərir. Bu cür davranışlar "mən" və "sən" düşüncəsini zəiflədərək "biz" anlayışını önə çıxarır.

Tədqiqatçılar hesab edirlər ki, vəziyyətə fərqli bucaqdan yanaşmaq, pozitiv dəyərləndirmələr aparmaq və çətinlikləri birlikdə analiz etmək kimi emosional bacarıqlar ailə münasibətlərində mühüm rol oynayır. Belə ailələr problemləri daha tez həll edir, bir-birinin yükünü paylaşır və çətin anlarda dayaq olmağı bacarırlar.

Qeyd edək ki, uzunmüddətli münasibətlərin sirri bəzən böyük dəyişikliklərdə deyil, gündəlik həyatın içində gizlənmiş kiçik, amma mənalı davranışlardadır. Sevgi, anlayış və səxavətlə qurulan münasibət, ən möhkəm təməl sayılır.

Kənan
Milli.Az