Bakıda 34 yaşlı kişini qətlə yetirib, meyiti doğrayaraq Ağsuda dağa atan 2 nəfər tutuldu

11 Avqust 2025 13:19

Bakıda tamah niyyəti ilə törədilən qətl hadisəsi üzrə iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq aparılır.

***

Bakıda qətl hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Nəsimi rayonunda münaqişə zəminində qeydə alınıb. 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayədə yaşadığı evdə onunla birgə yaşayan Tərtər rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Daha sonra meyiti hissələrə ayırıb sellofan torbalara yığaraq avtomobildə Ağsu rayonuna apararaq dağlıq ərazidə iki müxtəlif yerə atıb.

F.Feyzullayev polis tərəfindən keçirilən əməliyyat zamanı tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az