Türkiyənin "Qalatasaray" klubu hücumçusu Alvaro Morata ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Milli.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı forvard icarə əsasında "Qalatasaray"da çıxış edirdi və onun məxsus olduğu İtaliya klubu "Milan" 5 milyon avro məbləğində ödəniş həyata keçirəcək. Bundan əlavə, Morata aldığı 651 min 562 avro maaşdan da imtina edib.
32 yaşlı futbolçu "Qalatasaray"a 2025-ci ilin fevralında keçmişdi. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa Çempionu olmuşdu.
Morata "Qalatasaray"da keçirdiyi müddətdə 16 oyuna çıxaraq 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. İndi onun gələcəyi İtaliyada yeni klubda davam etdirəcəyi gözlənilir.
Milli.Az