Tokayev Azərbaycanla Ermənistan arasında imzalanan sülh sazişindən danışdı

9 Avqust 2025 09:28

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh sazişini yüksək qiymətləndirib, ABŞ-nin vasitəçilik rolunu və Qazaxıstanın töhfəsini vurğulayıb.

Milli.Az xəbər verir ki, bu barədə Tokayevin mətbuat katibi Ruslan Jeldibay öz "Telegram" kanalında məlumat verib.

"Prezident Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişini tarixi əhəmiyyətli nailiyyət hesab edir.

Sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və möhkəm sülh əsasında diplomatik əlaqələrin qurulması və əməkdaşlığın inkişafı üçün yol açıb.

Dövlət başçısının fikrincə, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub, o, Azərbaycan və Ermənistan liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilib.

Prezident Kasım-Jomart Tokayev qeyd edir ki, Qazaxıstan da Azərbaycan və Ermənistan arasında belə vacib razılaşmaların əldə olunmasına öz töhfəsini verib, sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqlar yeri kimi Almatını təklif edib.

Orada nazir səviyyəsində danışıqlar keçirilib", - deyə Tokayevin mətbuat katibi yazıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderləri cümə günü Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında sülh münasibətləri haqqında bəyannamə imzalayıblar. /oxu.az

Milli.Az