Həmin mikroavtobus qanunsuz işləyib - RƏSMİ - YENİLƏNİB

7 Avqust 2025 11:20

11:20

Yeddi nəfərin öldüyü qəzada Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib. 

Milli.Az xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 

Qurumun yaydığı açıqlamanı təqdim edirik: "7 avqust 2025-ci il tarixində saat 05 radələrində Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. 

Qəza nəticəsində ölən və yaralananların olduğuna təəssüf edirik. Həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralı sərnişinlərə şəfa arzu edirik.  

Qeyd edirik ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mercedes-Bens" markalı "Sprinter" mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib. 

Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb. 

Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. 
Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb". 

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

09:55

Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.

Milli.Az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mersedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "Kamaz" markalı yük maşınının qoşqusuna çırpılıb.

Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

09:40

Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.

Milli.Az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KAMaz" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

08:50

Şəmkirdə ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az