Rusiyada 130-a yaxın şəhər yox ola bilər

5 Avqust 2025 20:30

Rusiyada 130-a yaxın kiçik şəhər yaxın onilliklərdə tamamilə yox ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RANEPA) hökumət sifarişi ilə hazırladığı araşdırmada deyilir.

"İzvestiya" qəzetinin yazdığına görə, söhbət əhalisi 50 min nəfərə qədər olan 129 şəhərdən gedir. Onların ümumi əhalisi 3,4 milyon nəfər olsa da, son 10 ildə bu şəhərlər 314 min sakini itirib.

Ən ciddi əhali itkisi ölkənin şimal bölgələrində - kömür, metallurgiya və ağac emalı sənayesinin zəiflədiyi şəhərlərdə, eləcə də iqtisadi baxımdan depressiv bölgələrin kənarındakı yaşayış məntəqələrində qeydə alınıb.

Yox olmaq təhlükəsi ilə üzləşən şəhərlər arasında:

Verxniy Tagil (Sverdlovsk vilayəti)

Trubçevsk (Bryansk vilayəti)

İnta (Komi Respublikası)

Kem və Medvejyeqorsk (Kareliya)

Torjok (Tver vilayəti) var.

Mütəxəssislər bildirirlər ki, bu tendensiya bir neçə nəslin həyatını əhatə edə bilər. RANEPA-nın inkişaf iqtisadiyyatı laboratoriyasının rəhbəri Stepan Zemtsovun sözlərinə görə, "şimal bölgələrində bu proses daha sürətlə, Qara Yer zonasındakı şəhərlərdə isə daha yavaş gedir".

Araşdırmada qeyd olunur ki, kiçik şəhərlərin əsas problemləri arasında infrastrukturun köhnəlməsi, gənclərin böyük şəhərlərə miqrasiyası, bələdiyyə büdcələrinin kəsiri və biznes mühitinin zəifləməsi dayanır.

Ekspertlər vəziyyətdən çıxış yolu kimi dövlətin "idarə olunan sıxlaşdırma" siyasəti yürütməsini, yəni yaşayış məntəqələrinin strukturlaşdırılmış şəkildə birləşdirilməsini, eləcə də kiçik və orta biznesə daha güclü dəstəyin verilməsini təklif edirlər.

Fidan
Milli.Az