Tərtərdə 4 nəfər kanala düşdü - 1-i batdı - Təfərrüat - YENİLƏNİB

3 Avqust 2025 20:48

Tərtərdə kanalda boğularaq ölən Natiq Hüseynovun qardaşı 44 günlük vətən müharibəsində şəhid olub.

Trend-in yerli bürosunun xəbərinə görə, onun kiçik qardaşı Adil Hüseynov 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

Natiq və Adil ailədə 2 qardaş olublar.

-------

19:04

Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən 3-ü xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.

APA-nın yerli müxbiri xəbər verir ki, rayonun Cəmilli kəndi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri - Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinin stabil, iki nəfərin isə həyatı təhlükəsinin olmadığı bildirilir.

Digər bir nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

-------

18:02

Tərtərdə 3 nəfər kanalda batıb.

Milli.Az xəbər verir ki, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni sudan çıxarmaq mümkün olub, digər 3 nəfərin boğularaq öldüyü ehtimal olunur.

Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (APA)

Milli.Az