Ukrayna ilk dəfə olaraq Azərbaycan təbii qazını qəbul etməyə başlayıb - bu hadisə "mavi yanacağın" həcminin az olmasına rəğmən, çox güclü geosiyasi və geoiqtisadi mesaj daşıyır. Tədarüklər Trans-Balkan magistral qaz kəməri vasitəsilə həyata keçirilir. Məzkur infrastruktur marşrutu Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna ərazisindən keçir. Beləcə, Ukrayna müstəqillik əldə etdikdən sonra ilk dəfə Cənub qaz marşrutuna, yəni Xəzər regionuna çıxış əldə edir.
Qaz tədarükünə dair razılaşma Ukraynanın "Naftoqaz" milli neft-qaz şirkəti ilə Azərbaycanın enerji nəhəngi SOCAR-ın Ukraynadakı törəmə şirkəti "SOCAR Energy Ukraine" arasında imzalanıb. "Naftoqaz"ın idarə heyətinin sədri Sergey Koretskinin sözlərinə görə, hələlik söhbət pilot həcmlərdən gedğtsə də, əsas məsələ presedentin yaranmasıdır. "Bu addım uzunmüddətli əməkdaşlıq üçün yol açır. Enerji təhlükəsizliyimiz və tədarükün diversifikasiyası sistemində daha bir vacib elementdir", - deyə Koretski vurğulayıb.
Azərbaycan qazının ilk molekulları yeni marşrutla Ukraynaya iyulun 26-da daxil olub. "Naftoqaz" bu mərhələdə konkret həcm və müddət göstərilmədən test tədarükü həyata keçirildiyini təsdiqləyir. Layihənin siyasi və iqtisadi əhəmiyyəti şübhə doğurmur.
Rusiya tərəfindən Ukraynanın enerji infrastrukturunu - xüsusən qaz hasilatı obyektlərini - daima hədəfə alındığı bir şəraitdə ölkədaxili hasilat 30-40% azalıb. Əvvəlki qışlarda Ukrayna, əsasən, daxili qaz ehtiyatları hesabına tələbatı ödəyə bilirdi, lakin bu, yalnız istehlakın kəskin azalması sayəsində mümkün olub - xüsusilə də müharibə nəticəsində dağılmış ağır sənaye sahəsində.
"Naftoqaz"ın məlumatına görə, hazırda Ukrayna ildə 19,1 milyard kubmetr qaz hasil edir, ölkə üzrə ümumi tələbat isə 21,5 milyard kubmetr təşkil edir. Defisit kritik olmasa da, ehtiyat planlarının olması vacibdir - xüsusilə payız-qış mövsümündə Rusiyanın yeni hücumları təhlükəsi fonunda.
Mütəxəssislər Azərbaycanın Ukraynaya gündəlik qaz tədarükü potensialını 3-5 milyon kubmetr civarında qiymətləndirirlər. Müqayisə üçün qeyd edək ki, Polşa, Macarıstan və Slovakiyadan birgə gündəlik idxal təxminən 26 milyon kubmetr təşkil edir. Əgər 2025-ci ildə Bakı Ukraynaya cəmi bir neçə yüz milyon kubmetr qaz göndərə bilsə belə - bu, ciddi nəticədir. Çünki Azərbaycan uzunmüddətli ixrac öhdəlikləri və məhdud sərbəst resurs fonunda bu addımı atır.
Amma məsələ rəqəmlərdə deyil. Azərbaycan qazının Ukrayna bazarında peyda olması sadəcə kommersiya müqaviləsi deyil. Bu, Kiyev və Bakı arasında enerji həmrəyliyinin nümayişidir.
Ukraynanın energetika naziri Svetlana Qrinçuk tədarükləri "qışa hazırlıq üçün həyati vacib element" adlandırır. O qeyd edir ki, Trans-Balkan marşrutu Kiyevə yalnız Azərbaycan qazına deyil, həm də Türkiyə və Yunanıstan terminallarına daxil olan maye təbii qaza, Rumıniya və Bolqarıstanın dəniz yataqlarındakı hasilat potensialına çıxış verir.
Azərbaycan qazının Avropaya ekspansiyası təəccüblü deyil - Bakı 2020-ci ildən etibarən Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana müvəffəqiyyətlə qaz ixrac edir. İndi Ukrayna da bu coğrafiyaya daxil olur. Baxmayaraq ki, Trans-Balkan marşrutu ilə logistika qonşu Aİ ölkələri ilə müqayisədə daha uzun və mürəkkəbdir, SOCAR-ın Kiyevdə fiziki qazla mövcudluğu artıq bir simvoldur. Bu, Rusiyadan enerji baxımından asılılıqdan qurtulmanın simvoludur. Yeni enerji alyanslarının simvoludur. Və bu müharibənin Ukraynanı beynəlxalq enerji infrastruktur layihələrindən kənarlaşdıra bilmədiyinin bariz sübutudur.
Bu müqavilə Avropa enerji bazarındakı dərin transformasiya, Ukraynanın enerji infrastrukturuna risklərin artması və Azərbaycanın müstəqil, etibarlı ixracatçı kimi rolunun yüksəlməsi fonunda baş verir.
Əvvəlcədən görünən odur ki, bu, sadəcə test partiyasıdır. Lakin əslində bu, strateji əhəmiyyətə malik addımdır. Ukrayna ilk dəfə alternativ cənub marşrutu ilə, geosiyasi baxımdan riskli əraziləri keçmədən qaz almaq imkanına çıxır. Azərbaycan qazı təkcə CH₄ molekulları deyil - bu, Avropanın enerji arxitekturasının bir hissəsidir. Bu, 1970-ci illərdə tikilmiş, lakin bu günün reallıqlarına uyğunlaşdırılmış Trans-Balkan marşrutunun işləkliyini təsdiqləyir.
Transbalkan qaz kəməri - Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanı birləşdirən unikal infrastrukturdur. Onilliklər ərzində bu kəmər əsasən Rusiyadan Cənubi Avropaya qaz tranziti üçün istifadə olunub. Lakin 2020-ci ildə "Türk axını" istismara verildikdən sonra bu kəmər qismən boşaldı və texniki baxımdan əks istiqamətdə qaz nəqlinə yararlı hala gəldi.
İndi isə bu marşrut ilk dəfə Azərbaycan mənşəli qazın əks istiqamətdə nəqli üçün istifadə olunur. Əsas mənbə - Cənub Qaz Dəhlizidir. Bu, Azərbaycan tərəfindən Avropa İttifaqı və beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq şəraitində həyata keçirilən çoxmilyardlıq layihədir. Xəzər dənizindəki "Şahdəniz" yatağından hasil olunan qaz SCP boru kəməri ilə Türkiyəyə, oradan TANAP və TAP vasitəsilə Avropaya çatdırılır. İndi isə əlavə bir marşrut - Balkanlar vasitəsilə Ukraynaya qədər açılıb.
Rəsmi məlumatlara görə, Ukraynada ümumi qaz hasilatı illik 19,1 milyard kubmetr təşkil edir. Halbuki istehlak həcmi təxminən 21,5 milyarddır. Bu fərq hazırda əsasən idxal hesabına ödənilir. Lakin son aylar ərzində Ukrayna Energetika Nazirliyi və "Naftoqaz" şirkətinin məlumatlarına əsasən, qaz hasilat infrastrukturu raket və dronlarla həyata keçirilən hücumlar nəticəsində 100-dən çox birbaşa zərbəyə məruz qalıb. Yaranmış itkilər ümumi hasilat gücünün 30-40%-ni təşkil edir ki, bu da qaz idxalını təkcə arzuolunan deyil, məcburi edir.
Ukrayna 2015-ci ildən bəri Rusiya qazı almır və daxili ehtiyatlar tükənib. Belə vəziyyətdə təchizatın diversifikasiyası enerji təhlükəsizliyi məsələsinə çevrilib. Ukraynanın qaz idxalının əsas hissəsi Polşa, Macarıstan və Slovakiyadan təmin olunur. Lakin bu, qeyri-sabit balansdır - Avropa bazarındakı konyunkturadan asılı vəziyyətdədir. Bu mənada, Cənubi Qafqazdan açılan əlavə təchizat kanalı Kiyevin manevr imkanlarını genişləndirir. Xüsusilə 2024-2025-ci ilin qış mövsümü öncəsi - hansı ki, Ukrayna hakimiyyətinin fikrincə, son illərin ən çətini ola bilər.
"Naftoqaz"ın məlumatına əsasən, 2025-ci ilin ilk rübündə şirkət artıq 1,5 milyard kubmetr qazın xaricdən alınması üzrə müqavilə bağlayıb və bu məqsədlə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Norveç hökumətindən təxminən 430 milyon avro maliyyə dəstəyi cəlb olunub. Bu vəsaitin bir hissəsi məhz cənub marşrutu ilə qaz alışı - o cümlədən, Azərbaycan qazı və perspektivdə Yunanıstan və Türkiyədəki terminal vasitəsilə gətiriləcək maye təbii qaz üçün istifadə olunacaq.
... Azərbaycan ardıcıl olaraq enerji baxımından məsuliyyətli aktor kimi öz mövqeyini gücləndirir. 2023-cü ildə Azərbaycanın qaz ixracı 23,8 milyard kubmetrə çatıb, bunun təxminən 11,4 milyard kubmetri Avropaya göndərilib. 2024-cü ildə Bakı, ölkə daxilində artan istehlaka və İtaliya, Yunanıstan və Bolqarıstanla bağlanmış uzunmüddətli müqavilələrə baxmayaraq, öz öhdəliklərinə sadiqliyini bir daha təsdiqləyib. Ukraynaya tədarükün başlanması - bu, hər şeydən öncə siyasi iradə və operativ çevikliyin göstəricisidir.
"SOCAR Energy Ukraine" - Azərbaycanın enerji nəhəngi SOCAR-ın Şərqi Avropadakı ən fəal nümayəndələrindən biridir. Şirkət yalnız neft məhsulları və təbii qazın ticarəti ilə deyil, həm də bazarların logistik və infrastruktur uyğunlaşdırılması ilə məşğuldur. Məhz bu səbəbdən, Trans-Balkan marşrutu ilə ilk qaz partiyasının qısa müddətdə həyata keçirilməsi mümkün olub.
Ukrayna ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq ayrı-ayrılıqda qiymətləndirilmir - bu, Avropa İttifaqının bir mənbədən asılılığın azaldılması üçün atdığı ümumi strategiyanın bir hissəsidir. Avropa Komissiyası 2022-ci ildən Cənub Qaz Dəhlizinin inkişafı istiqamətində fəal siyasət yürüdür. Brüssel və Bakı arasında 2022-ci ilin iyulunda imzalanmış sazişə əsasən, 2027-ci ilə qədər Azərbaycanın Aİ-yə qaz tədarükü illik 20 milyard kubmetrə çatdırılmalıdır.
Müqayisə üçün: 2021-ci ildə Azərbaycan Avropaya təxminən 8 milyard kubmetr qaz ixrac etmişdi. 2023-cü ildə bu göstərici artıq 42% artmışdı. 2025-ci ilə qədər daha da artım gözlənilir. Azərbaycanın qaz təchizatında üstünlükləri təkcə fiziki əlçatanlıqla məhdudlaşmır - eyni zamanda siyasi etibarlılıq da əsas rol oynayır. Bakı heç zaman qazdan təzyiq və ya siyasi şantaj aləti kimi istifadə etməyib. Məhz bu səbəbdən, Berlində, Brüsseldə və Romada ona etibar edirlər.
İnfrastruktur baxımından da Cənub Qaz Dəhlizinin imkanları tükənməyib. TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi və Trans-Balkan marşrutunun ötürücülük qabiliyyətinin artırılması istiqamətində müzakirələr aparılır. Bundan əlavə, Yunanıstan və Türkiyədəki maye qaz terminalları ilə inteqrasiya məsələsi də gündəmdədir. Bu isə Azərbaycan, Ukrayna, Rumıniya və Bolqarıstanın iştirak etdiyi yeni enerji habının yaranması üçün zəmin yaradır.
Azərbaycan qazının Ukraynaya tədarükü sadəcə iqtisadi deyil, eyni zamanda strateji əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə - Ukrayna sənayesi ağır dağıntılarla üzləşib, daxili istehlak isə kəskin şəkildə azalıb. "Naftoqaz"ın qiymətləndirməsinə görə, iri sənaye müəssisələri - xüsusilə metallurgiya və kimya sektoru ya fəaliyyətini tam dayandırıb, ya da "yaşamaq rejimində" işləyir. Bu, ümumi istehlakın azalmasına səbəb olub, lakin eyni zamanda yeni risklər yaradıb: iqtisadiyyat bərpa olunduğu təqdirdə, qaz tələbatı yenidən kəskin şəkildə artacaq və daxili ehtiyatlar yetərsiz qalacaq.
Məhz bu səbəbdən Azərbaycanla əməkdaşlıq Ukraynanın gələcək enerji bərpası üçün zəmin yaradır. Sənaye istehsalı və iqtisadi fəaliyyət stabilləşdiyi anda, Ukrayna artıq şimal marşrutlarına bağlı olmayan, diversifikasiya olunmuş idxal infrastrukturu formalaşdırmış olacaq.
Bu kontekstdə SOCAR ilə "Naftoqaz" arasında imzalanmış razılaşma Qara dəniz və Xəzər regionunda yeni enerji oxlarının yaranması fonunda reallaşıb. Son illərdə Türkiyə, Azərbaycan, Bolqarıstan, Rumıniya və indi də Ukrayna arasında enerji sahəsində əməkdaşlıq getdikcə sıxlaşır. Bu format gələcəkdə uzunmüddətli konsorsiuma çevrilə bilər - bir vaxtlar Aİ-də müzakirə olunan "qaz halqası" modeli ilə müqayisə oluna biləcək bir platformaya.
Kiyevlə Bakının qaz razılaşması Azərbaycanın xarici-iqtisadi siyasətinin müstəqil olduğunu bir daha nümayiş etdirir. Bakı göstərir ki, təkcə mövcud müqavilələrlə kifayətlənmir, həm də Avropa enerji məkanında öz iştirakını genişləndirməyə hazırdır - qarşılıqlı fayda əsasında. Digər tərəfdən, Ukrayna yalnız fiziki qaz deyil, həm də siyasi mesaj alır: Azərbaycan - hətta qeyri-sabitlik dövründə də əməkdaşlıq etməyə və resurs bazasını paylaşmağa hazır olan ölkədir.
Burada əsas vurğu - tədarüklərin şəffaflığı və mənşəyinin autentikliyinə yönəlməlidir. Bəzi ekspert dairələrində, guya Rusiya qazının Azərbaycan qazı kimi təqdim olunaraq re-eksport edilməsi ehtimalı müzakirə olunurdu. Lakin SOCAR-ın birbaşa iştirakı və qazın Bolqarıstan və Rumıniya üzərindən yeni marşrutla gətirilməsi bu şübhələri əsassız edir. Marşrutun özü və test tədarükünün formatı Rusiyanın ərazisindən tranzit ehtimalını istisna edir.
2025-ci ilin iyulunda Azərbaycan qazının Ukraynaya hətta kiçik həcmlə tədarükü - enerji müstəqilliyinə, geoiqtisadi inteqrasiyaya və yeni alyansların qurulmasına doğru atılmış ilk real addımdır. Dağıdılmış infrastruktur, qaz defisiti, siyasi məhdudiyyətlər və hərbi təhlükələr fonunda hər bir diversifikasiya mənbəyi həyati önəm daşıyır.
Azərbaycan isə bu prosesi təkcə qaz tədarükçüsü kimi yox, eyni zamanda enerji təhlükəsizliyinin memarı kimi aparır - Avropa, Qafqaz və Yaxın Şərq arasında strateji əlaqələri müəyyənləşdirən bir aktor kimi. Məhz belə tərəfdaşlıqlar XXI əsrin enerji siyasətində qüvvələrin real yenidən bölüşdürülməsini müəyyən edir. Ukrayna bunun fərqindədir. Ona görə də real qaz, real marşrut və real geosiyasət üzərində qurulan dayanıqlı, praqmatik və qarşılıqlı faydalı münasibətlərə üstünlük verir.
Moskva, təbii ki, Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığının güclənməsindən narahatdır. Amma artıq bu proseslərə müdaxilə etmək gücündə deyil. Azərbaycan çoxvektorlu və praqmatik xarici siyasət yürüdür, enerji sahəsində şəffaflıq və bazar prinsiplərinə sadiqliyini qoruyur. Əgər Bakı Kiyevə qazla dəstək verməyi məqsədəuyğun sayırsa - nə Moskva, nə Tehran, nə də Brüssel buna mane ola bilər.
Azərbaycan qazının Ukraynaya tədarükü sadəcə boru və molekullar deyil. Bu, geosiyasi bəyanatdır. Bu, postsovet məkanında yeni təhlükəsizlik arxitekturasının göstəricisidir. Və çox güman ki, Ukraynanın bərpası və davamlılığı üçün həlledici rol oynaya biləcək daha genişmiqyaslı enerji tərəfdaşlığının başlanğıcıdır.
Elçin Alıoğlu
Trend